AZ

"Örnək müəllim" Qanlı Yanvardan DANIŞDI - "Onlara hiss etdirdim ki, ölsək də, getməyəcəyik" 

20 Yanvar Azərbaycan tarixində yalnız faciə deyil, həm də istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu hadisə hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir və unudulmamalıdır.

 

AzEdu.az Təhsil Portalı olaraq faciənin canlı şahidlərindən olan Nəzakət Əliyeva ilə əlaqə saxladıq.

 

“Örnək müəllim” olaraq tanınan, Binəqədi rayonu 157 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nəzakət Əliyeva həmin günlərlə bağlı xatirələrini bizimlə bölüşüb.

 

Müsahibəni təqdim edirik.

 

-Nəzakət müəllim, həmin illərdə neçə yaşınız var idi?

 

-O vaxt 37-38 yaşım var idi və ailəliydim. İki azyaşlı oğlum var idi.

 

-Həmin günləri necə xatırlayırsınız?

 

-Biz 9-cu mikrorayonda yaşayırdıq. Saat 4-5 radələrində səsucaldıcı alətlərlə maşınlar keçməyə başladı. “Vətən əldən gedir”, “Vətəni sevən, qədrin bilən çıxsın küçələrə” şüarları səslənirdi. Həmin vaxt ailə üzvlərimlə evdəydim. Hər kəs bloka çıxmağa başladı. Mən də yoldaşıma dedim ki, “tez get, sən də çıxsan yaxşı olar”. Yoldaşım tez evdən çıxmışdı, amma qapı döyüldü, gördüm ki, yoldaşımdır. Dedi ki, “heç olmasa ayaqqabımı geyinim, gedim”. O qədər tələsik evdən çıxmışdı ki, ayaqyalın idi. Yoldaşımı yola saldım, amma əlaqə saxlamaqda çətinlik çəkirdik, çünki mobil telefon yox idi. Axşam qonşu ev telefonundan xəbər aldım ki, şəhər üzərində fişənglər uçur, amma bu, çox fərqli bir şeydir. Sonra gördüm ki, şəhər qırmızı tüstüyə bürünmüşdü, bu, atəşlərin rəngindən imiş.

 

-Həmin vaxt ilk kimlə əlaqə saxlaya bildiniz?

 

- Tez telefona əl atdım. Bir-bir qohum, tanışlarıma zəng etməyə başladım. Hamı mənə dedi ki, Qızıl Ordu Bakıya daxil olub. Bunu eşidən an bloka düşdüm, daha sonra yenidən yuxarı qalxdım. İnanın, heç özümdə bilmədim ki, nə edim. Eyvandan da baxanda görüdüm ki, tankların səsi gəlir, lakin özünü görə bilmirdim. Yəni küçəni görməyə nə qədər imkan var idisə yalnız o qədər görə bilirdim. Evin o biri tərəfindən baxdım ki, Biləcəri tərəfə olan yolda tanklar və kamaz maşınları gedir. Sonra xəbərlər gəlirdi ki, artıq filan yerdə bu qədər itikimiz var.

 

-Bəs, yaxınlarınızdan itkilər oldumu?

 

- Bəli, oldu. Qohumumuz Səxavət Məmmədov 20 Yanvarda şəhidlik zirvəsinə ucaldı. O, bacımın yoldaşının bibisinin yoldaşıdır. Həm igid, həm də qoçaq biri idi. Bu xəbəri eşidən kimi düşündüm ki, görəsən, yoldaşımın vəziyyəti necədir? Həyəcanlanmağa başladım. Səhər saat 6-da yoldaşım evə gəldi. Dedi ki heç başımızı yuxarı qaldırmağa belə icazə vermədilər. Evə piyada gəlməli olduq.

 

Hadisədən 2-3 gün sonra evdə ərzağımız bitdiyi üçün mağazaya getməli idik. Övladımla yavaş-yavaş mağazaya yollandıq. Ətrafımız rus ordusu ilə mühasirələnmişdi. O qədər qəddarcasına bizə baxırdılar ki, sanki demək istəyirdilər: “Üzümə baxma, bu saat səni güllələyəcəyəm”.

 

Dükandan çörək alıb qayıdırdıq. İki nəfər orada dayanmışdı. Həmin vaxt daşın üstündə oturub çörəyi kəsib övladıma uzatdım. Bu hərəkətimlə onlara hiss etdirmək istədim ki, bizi öldürsəniz belə, biz buradan getməyəcəyik. 10-15 dəqiqə oturduqdan sonra evimizə qayıtdıq.

 

Həmin günlərdən çox təsirləndim və bayatılar yazdım. Birini sizinlə bölüşmək istərdim:

 

-Əzizim axar qanı,

İgidin axar qanı.

Daş üstə Vətən yazdı

Balamın axı qanı.

 

Sökübdür güllə sinə,

Bəzənib güllə sinə.

İlhamım hədəf oldu

Bir namərd gülləsinə.

Bu yan çiçək, o yan gül,

Nə yatmısan oyan gül.

Şəhidə, şəhid olub

Fərizə kimi tər gül.

 

-Övladlarınız həmin günləri necə xatırlayır?

 

-Böyük oğlum həmin günü xatırlayır. Deyirdi ki, “ana, ilk dəfə görəndə elə bildim ki, atılan salyutdur, amma sonra qorxmağa başladım.

 

-Həmin günlərlə bağlı başqa hansı hadisələri xatırlayırsınız?

 

-Fəridə adlı gözəl bir xanım var idi. O, uşaqlar evində böymüşdü. Çox təəssüflər olsun ki, Fəridə xanım eyvandan paltar sərərkən düşmən gülləsinə tuş gəlib şəhid olmuşdu. Ondan geri 3 bala yadigar qaldı.Hətta həmin xanımın fotosu "Ulduz" jurnalında da çap olunub.

 

Bizim binanın yanındakı məktəbdə 8-ci sinifdə İlqar adlı şagird təhsil alırdı. O da 20 yanvarda adını şəhidlik zirvəsinə yazdıranlardan oldu.

 

-35 il bir igidin ömrü qədərdir, deyərlər. Bu qədər müddət keçməsinə baxmayaraq, hər 20 Yanvar günü yaxınlaşdıqca hansı hissləri keçirirsiniz?

 

-Həqiqətən, nə qədər kədərli olsa da, buna rəğmən fəxr edirik. Çünki yaralarımız sağalır. Şəhidlər Xiyabanı bizim müqəddəs yerdir, çünki hər şeyin başlanğıcı məhz oradır. Bizə güc və qüvvət verən o məkandır. Bir dəfə sinifimdə bir uşağa dərs demişdim, indi isə qardaşına dərs deyirəm. Mənə deyir ki, qardaşım Elmdar 20 Yanvarda dünyaya gəlib. Mən isə ona deyirəm ki, o şərəfli gündə doğulub. Bizim danışmağa, güvənməyə haqqımız var. Neçə-neçə oğul qəflətən şəhid olub, neçə-neçə ana igid oğullar dünyaya gətirib.

 

-Bəs, şagirdlərinizə vətənpərvərliyi necə izah edirsiniz?

 

-Şagirdlərim hələ kiçik olsalar da, bu hadisələri anlamalıdırlar. Mən onlara hər zaman deyirəm ki, bu bizim qan yaddaşımızdır və heç vaxt silinməyəcəkdir. 20 Yanvar şəhidlərimizin fədakarlığı olmasaydı, bu günümüz olmayacaqdı. Sinifdə onlara vətən sevgisini aşılamaq mənim üçün çox vacibdir.

Seçilən
16
50
azedu.az

10Mənbələr