“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın heyətində uyğunlaşmasının başa çatdığını bildirib.
Arena.az “Marca” nəşrinə istinadən, fransalı ulduzun bu barədə qənaətini təqdim edir:
“Mən çox xoşbəxtəm, çünki indi komandaya uyğunlaşmışam. İndi mən istədiyim kimi oynaya bilərəm”, deyə Mbappe məmnunluqla bildirib.
Xatırladaq ki, daha əvvəl “Real”ın baş məşqçisi, italyan mütəəssis Karlo Ançeloti də Kilian Mbappenin “qaymaqlılar”ın heyətində uyğunlaşma mərhələsinin başa çatdığı qənaətində olduğunu bildirmişdi.
Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 30 oyuna çıxıb, 18 qol vurub, 4 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.