AZ

XTNS-in “Azərbaycan” pavilyonunda rəsm üzrə ustad dərsi olacaq

Moskva, 21 yanvar, AZƏRTAC

Moskvada XTNS-in “Azərbaycan” pavilyonunda yanvarın 25-də rəsm üzrə “Torpaq çiçəklərlə gülümsəyir” adlı ustad dərsi olacaq.

AZƏRTAC xəbər verir ki, tədbir bədii sənətkarlığın əsaslarını öyrənmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək istəyən 8-15 yaşlı uşaqları bir araya gətirəcək.

Ustad dərsini peşəkar müəllim və rəssam Svetlana Fedotova aparacaq. O, sərgisi pavilyonda keçirilən Rusiyanın Əməkdar rəssamı, SSRİ, Azərbaycan, Rusiya və Monqolustan Rəssamlar ittifaqlarının üzvü, Moskva Rəssamlar İttifaqının üzvü, professor Cahid Camalın rəsm əsərlərinin mühafizəçisidir.

Onun rəhbərliyi altında iştirakçılar rəngli karandaşlarla rəsm çəkməyin əsas üsullarını mənimsəyəcək, rəng və kompozisiya ilə işləməyin sirlərini öyrənəcək, parlaq çiçək təsvirləri yaradacaqlar.

Dərs Azərbaycan pavilyonunun istixanasının rahat ab-havasında keçəcək və burada hər bir uşaq öz yaradıcılıq potensialını üzə çıxara biləcək. Rəsm üçün bütün lazımi materiallar ustad dərsinin təşkilatçıları tərəfindən təmin ediləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
22
azertag.az

1Mənbələr