Azərbaycanda reallaşdırılan “AI in Energy” təşəbbüsü həm Azərbaycanda, həm də bütün dünyada süni intellekt əsaslı həllər vasitəsilə şəhər enerjisinin idarə edilməsini yaxşılaşdıracaq.
Bu, Dünya İqtisadi Forumunun (DİF) “Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024” adlı hesabatında qeyd edilir.
“Pilot layihə DİF ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə enerjidə süni intellektin tətbiqini hədəfləyir və bu, Azərbaycanda enerjidən istifadəni optimallaşdırmağa, enerji səmərəliliyini artırmağa, əməliyyat xərclərini azaltmağa və ətraf mühitə təsiri minimuma endirməyə imkan verəcək. Layihənin müsbət və uğurlu nəticələri digər ölkələr üçün model olacaq”, – hesabatda fikirlərinə yer verilən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.
Qeyd olunur ki, layihə xüsusilə şəhər şəraitində dayanıqlığı və enerji səmərəliliyini artırmaq məqsədilə süni intellektin Azərbaycanın enerji sistemlərinə inteqrasiya imkanlarını öyrənməyə yönəlib. Təşəbbüsün məqsədlərinə çatmaq üçün əsas maraqlı tərəflərlə ətraflı müsahibələr keçirilir. Bu addımlar hazırkı enerji idarəetmə sistemində boşluqların, çağırışların və imkanların müəyyən edilməsinə yönəlib.