NATO Baş katibi dünya liderlərini Ukraynaya dəstəyini azaltmağa yox, gücləndirməyə çağırıb.
APA xəbər verir ki bunu NATO-nun Baş katibi Mark Rutte Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna mövzusuna həsr olunmuş tədbirdə deyib.
“Biz həqiqətən addım atmalıyıq və Ukraynaya dəstəyimizi azaltmamalıyıq”, - Baş katib deyib.
Mark Rutte müharibənin trayektoriyasını dəyişdirməyin vacib olduğunu bildirib, cəbhə xəttinin yanlış istiqamətdə hərəkət etdiyi barədə xəbərdarlıq edib.
Rutte bildirib ki, bunu etmək üçün üç mühüm səbəb var: “Birincisi, Ukraynanın özü üçün. Biz 21-ci əsrdə bir ölkənin digər ölkəni işğal etməsinə və onu müstəmləkə etməyə cəhd etməsinə icazə verə bilmərik. İkincisi, ona görə ki, Çin, Şimali Koreya, İran və Rusiya birgə işləyir. Pis razılaşma Rusiya Prezidentinin Şimali Koreya, İran və Çin liderləri ilə “afərin” deməsi deməkdir. Üçüncüsü, ona görə ki, Ukrayna müharibəni uduzsa, NATO üzvləri öz ordusunu gücləndirmək üçün trilyonlarla əlavə xərclə üzləşəcəklər ki, bu da bu gün nəzərdə tutulduğundan çox, çox daha yüksək qiymətdir.
Rutte əlavə edib ki, Ukraynanın NATO-ya üzv olacağına dair öhdəlik var.
“Əgər Vladimir Putin danışıqlar masasına gətirilə bilərsə, vacib olan davamlı sülhü təmin etməkdir”, - Baş katib vurğulayıb.
“Bunun davamlı olması üçün biz əmin olmalıyıq ki, Putin gələcəkdə heç vaxt, heç vaxt və bir daha Ukraynanın kvadrat kilometrini almağa cəhd etməyəcək”, - Rutte qeyd edib.