![Nəzrinin ölümünə görə saxlanılan](https://e-saglam.az/storage/news/middle/images/2025/1/senan-hekim-hebs-olundu-mehkeme-qerari-nezrinin-mehkemesi.jpg)
Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı ötən gün saxlanılan cərrah Sənan Mehdiyev məhkəməyə çıxarılıb.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, prokuror səhlənkarlıqdan ölümə səbəb olmaqda ittiham olunan cərrahın həbsini istəyib.
Nəsimi Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. S.Mehdiyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurova Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. (Qafqazinfo)
***
Baş Prokurorluq da məsələ ilə bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika (burun əməliyyatı) əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya rəhbərlik edən prokurorun təqdimatı əsasında Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.