AZ

Uğurlu xarici siyasət nəticəsindəAzərbaycan – Gürcüstan əlaqələridaha da möhkənlənir

Rövlan Heydərov,

YAP Naftalan təşkilatının sədri

Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı.

Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir.Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim bütün ölkələr üçün nümunə olmuşdur.Ölkəmizin dostluq əlaqələrinin inkişaf etdiyi və bir çox layihələrdə ortaqlıq etdiyi ölkələrədən biri də qonşu Gürcüstandır.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Bu il  33 ilinə qədəm qoyan qarşılıqlı hörmət və etimad üzərində qurulmuş bu  münasibətlər  inkişaf edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşdırıb.

Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri daha da möhkəmləndirən səbəblərdən biri də qarşılıqlı həyata keçirilən rəsmi səfərlərdir.  Dövlət başçılarının, hökümət başçılarının, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri  həmçinin dövlətlər arasında münasibətlərin daha da güclənməsinə xidmət etmişdir. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bunu əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür.  Bu əlaqələr bu gün uğurla davam etdirilir. Dövlətləri birləşdirən çoxtərəfli əlaqələr, eləcə də çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir. İki ölkə arasında  çox güclü siyasi münasibətlər mövcuddur. Dövlətlərarası münasibətlərin inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intensiv xarakter alan qarşılıqlı səfərləri mühüm rol oynayıb.

17 Yanvar 2025-ci il tarixində Gürcüstanın baş naziri İrakli Kobaxidzenin  Azərbaycana səfər etməsi mühüm önəm kəsb etməsi ilə yanaşı eyni zamanda, iki ölkə arasındakı əlaqələrin möhkəmliyini bir daha təsdiq edir.

Prezident İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşündə bir çox vacib məsələlər müzakirə edilib. Eyni zamanda Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata verdiyi bəyanatlarda da mühüm mesajlar verilib. Sözsüz ki, Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti var. Çünki bu Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra ilk xarici səfərdir. Cənab Prezident də rəsmi qonağı və onun təmsil etdiyi “Gürcü Arzusu” Partiyasını seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. Vurğulanıb ki, Gürcüstandakı parlament seçkilərindən sonra ilk səfərin Azərbaycana həyata keçirilməsi iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasının  bir sübütudur.

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir: “Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Ölkələrimiz arasında ticarət əlaqələri gündən-günə genişlənir. Ölkələrimizin enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Gürcüstan üçün ən mühüm layihə stabil və etibarlı qaz təchizatı hesabına ölkənin enerji təhlükəsizliyini təmin edən Bakı-Tbilisi-Ərzurum layihəsidir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı qlobal enerji qeyri-sabitliyi fonunda bir çox Avropa ölkələri qaz qiymətlərində kəskin dalğalanmalarla üzləşib. Lakin Gürcüstanda bu problem ölkə hökuməti ilə SOCAR arasında səmərəli əməkdaşlıq sxemi sayəsində praktiki olaraq hiss olunmur. Bunun nəticəsidir ki, SOCAR nəinki sərfəli şərtlərlə qaz tədarük edir, həm də Gürcüstanda şəbəkəsini inkişaf etdirir.

Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da inkişaf edəcək və müxtəlif sahələrdə yeniliklərə imza atılacaqdır.

Seçilən
3
50
yeniazerbaycan.com

2Mənbələr