AZ

Söz adamı

Tehran Əlişanoğlunun 65illik yubileyinə


Bu gün ömrünün 65 illik yubileyinin sevincini yaşayan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist, professor Tehran Əlişanoğlunu (Mustafayev) elmi, bədii-tənqidi, publisistik yazıları ilə müasir Azərbaycan ədəbiyyatşünaslıq elminin salnaməsini yazan söz adamı kimi xarakterizə etmək olar. Söz adamı ifadəsini təsadüfən işlətmədim. Nizaminin, Füzulinin, Nəsiminin nəzmə çəkdiyi, şərafətli saydığı söz Tehran müəllim üçün təkcə nəzm, nəsr obyekti deyil, həm də onun təhlilinə, arınmasına xidmət edən bədii xammaldır. Və o xammaldan prof. Tehran Əlişanoğlu ustadı, müəllimi Yaşar Qarayev qədər bacarıqla, ustalıqla istifadə etməyi bacaran tənqidçi-alim, publisist, söz xiridarı kimi tanınır bu gün.

Tehran Əlişanoğlu Azərbaycan ədəbiyyatşünaslığının az sayda professional tənqidçilərinin öndə gedənlərindəndir. Onun  namizədlik dissertasiyası  “Azərbaycan sovet ədəbi tənqidində üslub müxtəlifliyi (1960-1980-ci illər)” mövzusuna həsr olunub.  Bu zaman ayrımını XX əsr Azərbaycan ədəbiyyatının sanki ikinci doğuş, yaranış dövrü kimi də xarakterizə etmək olar.  60-cıların ədəbiyyata gəlişi, onlarla gənc nəsil-80-cilər arasında  yaşanan ədəbi mübarizə bədii ədəbiyyatı, onun sahələrini-xüsusən ədəbi tənqidi əməlli-başlı canlandırmışdı. Bütün bu cəhətlər Tehran Əlişanoğlunun namizədlik dissertasiyasında bədii təcəssümünü tapır. Ədəbiyyatımızın 1960-1980-ci illərin nəsr və nəzm xəritəsini Tehran Əlişanoğlu elmi-tədqiqat işində fərqli, özünəxas üslubla əks etdirir, elmi-nəzəri təhlilini verir. Qeyd edək ki, ədəbiyyatşünas alimin doktorluq dissertasiyası daha sanballı mövzuya həsr olunub. Yaşar Qarayev məktəbinin layiqli davamçısı “XX əsr Azərbaycan nəsrinin poetikası” kimi ağır mövzuya  müraciət edib bu dövrün ədəbi təhlilini, tənqidini  konkret bədii nümunələr əsasında araşdırmaqla, ədəbiyyatşünaslıq elminə layiqli töhfə verməyi bacarıb. XX əsrin Azərbaycan tarixinin, həmçinin ədəbiyyatının ən keşməkeşli, burulğan, siyasi qalmaqallar  dövrü olduğunu nəzərə alsaq, Tehran Əlişanoğlunun necə ağır yükü çiyninə götürdüyü bəlli olur.

Xalqların, millətlərin yaşanmış tarixi sübut edir ki, zamanın keşməkeşləri, ağırlıqları  ən çox ədəbiyyatın üzərində iz buraxıb, səmt küləkləri yaradıcı insanları bu istiqamətdən “vurub”. Yaxın tariximizdə-keçmiş sovetlər dönəmində 37-ci illərin repressiyaları, 1948-ci ildə baş verənlər, yenidənqurma prosesi və s. ilk əvvəl ədəbiyyata damğasını basıb. Ədəbiyyat XX əsr boyunca gah “ağ”laşdırılıb, gah “qırmızı”ya boyanıb, gah “yaşıl”, “qara” çadraya bükülüb, amma nə yaxşı ki, heç vaxt rəngsizləşməyib. Hər dövrün Füzulinin təbirincə desək:

Hər sözüm bir pəhlivandır kim, bulub təyidi-həq,
Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri-

deyən yazarları, ədəbi bədii qəhrəmanları, yazılanları oxuculara ötürən təhlilçi-tənqidçi sənətkarları yaranıb, yetişib, söz meydanını boş saxlamayıb. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri prof. Tehran Əlişanoğlu missiya cəhətdən 3-cülərə aiddir. Oxucu ilə yazar arasında əlaqə körpüsü, tənqidçi, araşdırmaçı, ədəbiyyatşünas alim-necə adlandırırsınız adlandırın-əsas budur ki, M. F. Axundovdan başlanan bu vacib missiyanın zəmanəmizdə ən layiqli davamçılarından biridir Tehran Əlişanoğlu. Bir tənqidçi kimi onun üçün zaman, yazı, mövzu, janr məhdudiyyəti yoxdur. Ədəbi tənqidimizin məhsuldar, populyar imzası Azərbaycan ədəbiyyatını klassiklərdən tutmuş  son çağdaş dövr yazarlarına qədər araşdırır, təhlil edir, ədəbi irsimiz onun tənqidçi süzgəzində arınır,  ustad qələmində özünəməxsus təhlilini tapır, qiymətini alır.

Tehran Əlişanoğlu klassik,  XX əsr Azərbaycan ədəbiyyatı və Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas təhlilçilərindən biri sayılır, bu dövrlərin elmi-nəzəri və tənqid problemlərindən mütəmadi yazır.  “Əsrdən doğan nəsr: XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası” (1999), “Azərbaycan nəsri sosializm realizmi çevrəsində: Kontekst poetikası” (1999) və “Azərbaycan “Yeni nəsr”i: Əsrin nəsr poetikasından” (1999),  “XX əsr Azərbaycan nəsrinin poetikası” (2006), “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı” 2 cilddə (2016)  və s. fundamental əsərlərin, 20-dən çox kitabın, 200-dən artıq ədəbi-tənqidi və publisist məqalələrin müəllifi günümüzdə də əvvəlki ampulasındadır, gənclik qaynarlığı ilə ədəbi fəaliyyətini davam etdirir. “Məsələ kəmiyyətdə deyil, intensivlik-cari tənqidin vacib göstərisidir, amma hamısı deyil; daha ümdəsi müasirlik tələbi, hədəfdə gündəm maraqlarıdır”-Tehran Əlişanoğlunun bir ədəbiyyatşünas alim kimi özü də daxil olmaqla tənqidçilərdən tələbi budur.

“Tənqidin dəyərləndirmə missiyası itmir; əksinə, çoxölçülü olur. Mətnə münasibətdə tənqid və ədəbi proses (ədəbiyyat) öz səviyyə və meyarlarını da faş edir” deyən prof. Tehran Əlişanoğlu müasir ədəbiyyatımızda  ədəbi hadisə sayıla biləcək  əsərlərdən yazıb, gənc müəlliflərin yaradıcılığını daim diqqətdə saxlasa da,  nə üçünsə tənqidi yaradıcılığında ən çox xalq yazıçıları Anar və Elçinə yer ayırıb. T.Əlişanoğlu bu yazıçıların demək olar ki, bütün yaradıcılığını müxtəlif rakurslardan təhlil edib,  münasibət bildirib. Bəlkə də bu doğmalığın kökündə müəllifin 60-cılara olan marağı, “Qobustan” jurnalında çap olunan yazarlara, konkret olaraq yazıçı Anar və Elçinə oxucu sevgisi dayanır.

Prof. Tehran Əlişanoğlunun yazıçı  Anarın yaradıcılığından bəhs edən son məqaləsində maraqlı bir nüans var: “Anar "eqoist" yazıçıdır; klassik mətnlərini sonrakı "talanlara" buraxmayıb, son əsərlərində özü Günə çıxarmağa başladı: "Şəhərin yay günləri"ni "Şəhərin qış gecələri"nə; "Ağ liman" və "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni "Təhminənin son sirri"nə; "Dantenin yubileyi"ni "Kəbirlinskinin son etirafı"na; "Macal" və "Gürcü familiyası"nı "Balaca Fuadın son xahişi"nə, "Qırmızı limuzin" və "Təqib"i "Əcəl"ə "dekonstruksiya" elədi”. (“Yazıçı Anarın kədərli ironiyası”). Məncə bu Anarın yaradıcılığına yeni, pozitiv yanaşmadır və monoton tənqidçilkdən, təsvirçilikdən uzaqdır.

 Tehran Əlişanoğlu yazıçı  Elçinin yaradıcılığı haqqında yazdığı tənqidi yazılarda onun ədəbi qəhrəmanlarının xarakterinin açılımını bir sözlə verir - Darıxan insanlar.
“Elçinin olduqca zəngin-çoxrəngli-əsrarəngiz yaradıcılıq və təxəyyül dünyası içrə İnsan və həqiqət axtarışlarını bir söz, bir məxrəcə gətirə bilərik: darıxan insanlar, darıxan qəhrəmanlar... Sosial əhatədən, yabançı mühitdən, cəmiy-yətdən, ümumən taledən-tarixdən-zamandan, həyatından darıxan insanlar... Lap ilk əsərlərindən – “Min gecədən biri”, “Açıq pəncərə”dən lap son əsərlərinəcən – “Kölgə”, “Qəbristanlıq əhvalatı”, “Missiya”, “Çingiz xanın daşları”, “İntihar”, “Böcəklər” və s.-cən Elçin yaradıcılığının poetikasını böyük bir dünyəvi darıxqanlığın ifadəsi, başqa sözlə: fəlsəfi dekadans müəyyən edir...”.  Digər yanaşmasında “Elçinin tarixi qəhrəmanları Tarixdən bezardır (“Mahmud və Məryəm”i, “Baş”ı, “Ölüm hökmü”nü anaq), müasir qəhrəmanları hər cür sosialçılıqdan (1970-1980-ci illər povest və hekayələrini, “Ağ dəvə”ni yada salaq), “milli” qəhrəmanları mental coğrafiyadan (məşhur “Abşeron hekayələri”ni xatırlayaq)... Hər birisinin də canında eləcə buxovlardan uzaq İnsan olmaq, sevmək-sevilmək, var olduğunu doyunca hiss etmək, yaşamaq çabası-narahatlığı-nigaranlığı; fərdi maraqlar və  Fərdin maraqları. Axı birbaşa İnsan (!), İnsan həqiqəti (!) yanında (ətrafında, fövqündə) nə varsa, cümləsi yalandır!” yazır.

Hər bir yazar özündən xəbərsiz  yazılarında görünür, əsərlərinə özündən az ya çox dərəcədə nəsə qoyur, xarakterinin müəyyən cizgilərini yazdıqlarına köçürür. Həm də təkcə yazıçı, şair yox, tənqidçi də - nəzəri-təhlili baxış bucağı, düşüncə tərzi ilə kimliyini araşdırmalarında əks etdirir. Tənqidçi Tehran Əlişanoğlunun tənqidi-təhlili yazılarını nəzərdən keçirtdikdə onun romantiklikdən çox, realizmə söykəndiyi, konkret faktlara daha çox önəm verdiyinin şahidi oluruq. Onun yazı uslubu sözçülükdən, dəbdəbəli ifadələrdən uzaq sadə, realist, bir qədər də sərt yazı tərzidir. Bu yazı uslubuna görə bəziləri onu qınasa da...

“Ustad dediyim ədəbiyyatın özüdür, ədəbiyyatın genişliyi, zənginliyidir, klassiklərdən günümüzə qədər ədəbiyyatı yaşadanlardır. Kimdənsə, nədənsə öyrənirəm. O yaşda deyiləm ki, deyim, bu mərhələdə filankəsdən nümunə götürdüm. Bütövlükdə ədəbiyyata borcluyam” müsahibələrinin birində belə deyir Tehran müəllim.

Prof.Tehran Əlişanoğlunun jurnalistlik, publisistik fəaliyyəti tənqidçiliyini sanki tamamlayır. Onun publisistik yazılarında belə elmilik ön plandadır, daha qabarıq nəzərə çarpır. Ədəbiyyatşünas alimin  redaktorluq fəaliyyəti də ömürünün maraqlı, mənalı edən səhifələrindəndir. AMEA-nın “Elm” qəzetində baş baş redaktor müavini (1993-1995-ci illər), Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti”ndə baş redaktor müavini (1996-2004-cü illər), “YeniSi” www.yenisi.net saytının yaradıcılarından biri (2002-2005),  “Tənqid.net” jurnalının təsisçisi və baş redaktorudur(2006-cı ildən) bu gün də ən məhsuldar publisistdir və elə bir həftə yoxdur ki, oxucularını yeni yazıları ilə sevindirməsin.

 “Tənqid - bütün çoxəsrlik təcrübəsi ilə həmişə ağır iş olubdur. Bəlkə buna görə, Zamanında ədəbi tənqidə gələnlər, gəlib də sonradan Nəzəriyyəyə, tarixə, ya kimsə də harasa gedənlər çox olur; Tənqidçi missiyasına yiyə duranlar, axıracan Peqasa, Ədəbiyyat ləşkərinin ilham atına qatlaşanlar - çox az. Ya bir ola, ya iki”.  Tənqidçi Vaqif Yusiflinin 75 illik yubileyinə yazdığı “Tənqidçi olmağın sirri” təbrik yazısında Tehran Əlişanoğlu  Vaqif müəllimi “Klassik Azərbaycan tənqidinin sonuncu mogikanı” adlandırır. Tehran müəllimin 65 illik yubileyində bu təbrikə bir əlavəmiz var- T. Əlişanoğlu özü də mogikandır-sözünün kəsəri, dəyəri ilə seçilən alim-tənqidçidir.   Və bir də nə qədər ki, həyat davam edir, dünyanın sonu görünmür, deməli, zaman yeni mogikanlarını da yetişdirəcək. Sözsüz ki, bu sırada  ustadların  yeri ön sıralarda olmaqla!

“Çalışıram mühitin mənə ayırdığı yerdə olam” deyən Söz adam, həmişə sözünün başında olasan - 65, 75, 100 illik yubileylərində də Tanrım söz sevginizi, sözün sizə qazandırdığı sevgini əskiltməsin. 65 illik yubileyiniz mübarək!


Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru

Seçilən
8
11
modern.az

5Mənbələr