Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcını diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
C.Bayramov Boluda baş verən faciəvi yanğınla bağlı Türkiyəyə bir daha başsağlığı verib, dəhşətli hadisə nəticəsində vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa arzulayıb, Azərbaycanın hər zaman Türkiyə dövləti və xalqının yanında olduğunu vurğulayıb.
XİN başçısı Azərbaycanda səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyinə verdiyi töhfələrə görə səfir Cahit Bağcıya təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə müttəfiqliyinin tarixi dönəmlərində səfir kimi fəaliyyətinin yaddaqalan olduğu xüsusilə qeyd olunub.
Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə uğurlu inkişafının məmnunluq doğurduğu vurğulanıb.