AZ

Nə qədər bakalavr magistratura üzrə təhsil aldığı universiteti seçir? - SORĞU

Bakalavrı bitirən tələbələrin əksəriyyəti magistratura təhsili almaqla özlərini inkişaf etdirmək qərarına gəlirlər. Bəzən tələbə bitirdiyi ali məktəbdə deyil, magistratura təhsil pilləsi üçün digər universitetlərə üz tuturlar.

 

Maraqlıdır, nə qədər bakalavr magistratura üzrə təhsil aldığı universiteti seçir?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq universitetlərə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova qeyd edib ki, universitetin 2023-2024-cü tədris ilində 965, 2024-2025-ci tədris ilində isə 970 tələbəsi magistratura üzrə UNEC-i seçib.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev bildirib ki, ali təhsil ocağında hazırda 1680 nəfər magistr tələbəsi təhsil alır:

 

“Bu magistr tələbələrindən 556-sı öz tələbəmizdir. AzMİU-da inşaat, memarlıq, iqtisadiyyat və bu sahələrə aid qabaqcıl ixtisaslar üzrə magistr proqramları təklif olunur. Bu, öz növbəsində, bakalavr təhsilini başa vurmuş və magistratura təhsili almaq istəyən gənclərimizin diqqətini cəlb edir. Bunun bariz nümunəsi isə 1100-dən çox digər universitet tələbəsinin AzMİU-nu seçməsidir".

 

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Dilanova bildirib ki, həm bu il, həm də keçən il magistratura pilləsi üzrə 20 nəfər tələbə bakalavriat təhsilini də Azərbaycan Universitetində oxuyub.

 

Bakı Slavyan Universitetinin (BSU) KİV-lə əlaqələr şöbəsindən verilən məlumata əsasən, 2023-2024-cü tədris ilində magistratura təhsil pilləsinə 65 nəfər məzun daxil olub:

“Hazırda isə universitetin magistratura proqramında 64 tələbə təhsilini davam etdirir".

 

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki bu il magistratura səviyyəsinə qəbul olan 174 tələbənin 95- i əvvəlki bakalavr təhsilini bizdə alıb.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova vurğulayıb ki, 2023-2024-cü tədris ilində 418, 2024-2025-ci tədris ilində isə 437 tələbə magistratura üçün yenidən AzTU-ya qəbul olub.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, 2024-cü ildə Pedaqoji Universitetdən filiallar və Pedaqoji Kolleclər istisna olmaqla, ümumilikdə 2317 nəfər tələbə məzun olub:

“ADPU-nun bakalavr səviyyəsi üzrə 2024-cü il məzunlarının  812 nəfəri (34 %) magistraturaya qəbul imtahanlarından uğurla keçərək ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıblar.İxtisas seçimində iştirak edən 812 nəfərin hamısı magistratura səviyyəsinə qəbul olunub.

2024-cü ildə ADPU-dan  məzun olan tələbələrin 175 nəfəri hazırda  magistratura təhsilini ADPU-da davam etdirir.Eyni zamanda, 2024-cü ildə ADPU-nun 71 nəfər məzunu xarici ölkələrin ali təhsil müəssisələrinin magistraturalarına sənəd təqdim ediblər”.

 

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Könül Məmmədova söyləyib ki,ötən tədris ilində 59 məzun, bu il isə 66 məzun MDU-ya qəbul olub.

 

"ADA” Universitetinin İctimaiyyətlə əlaqələr, Kommunikasiya və Rəqəmsal məzmun üzrə menecer Şəbnəm Məhərrəmova qeyd edib ki, 2023-2024 və 2024-2025 akademik ilində "ADA" Universitetinə qəbul olmuş 55 magistr tələbəsi əvvəlki təhsilini də "ADA" Universitetində alıb.

 

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, 2023/2024-cü tədris ilində bakalavriatura pilləsini ATMU-da bitirib, həmin tədris ilində ATMU-ya magistraturaya qəbul olan tələbə sayı 26 nəfərdir.

 

“Hazırda təhsillərini davam etdirirlər. 2024/2025-ci tədris ilində ATMU-ya magistraturaya qəbul olan məzunlarımızın sayı 22 nəfərdir”.

 

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı söyləyib ki, 1-ci kurs 318 tələbədən 137-si,  2-ci kurs 325 tələbədən 153-ü ADU-ya qəbul olub.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mətbuat katibi Şəhanə Müşfiq qeyd edib ki, bu il magistraturaya 139 nəfər qəbul olub onlardan 67 nəfər bizim universitetin məzunudur.

Seçilən
17
39
azedu.az

10Mənbələr