Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti "Körpü-Bina Tikinti” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkət Xidmətin Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 29 983 233,73 manatdır.
"Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. "Körpü-Bina Tikinti" MMC-nin əslində Xəlil Göyüşova məxsus iddia edilir.
Xəlil Göyüşov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanova yaxın şəxs sayılır.