AZ

Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası

“Qərbi Azərbaycan xalqımızın tarixi və mədəni irsinin ayrılmaz hissəsidir”. 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, min illər boyu bu torpaqlar azərbaycanlıların yurd yeri olub, soydaşlarımız tərəfindən zəngin mədəni irs və tarixi abidələr yaradılıb: 

“Qədim adət-ənənələrə sahib olan Qərbi Azərbaycan, Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz parçasını təşkil edib. Gülüstan və Türkmənçay müqavilələrindən sonra bölgənin sakinləri sistematik olaraq müxtəlif zülmlərə, təzyiqlərə və məcburi köçkünlüklərə məruz qalıblar. 

XIX-XX əsrlərdə ermənilər tərəfindən törədilmiş vandalizm nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından məcburən köçkün düşmüş, deportasiya və etnik təmizləmələrlə üzləşmişdir. Bu proseslərin ən ağrılı mərhələləri 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə baş vermişdir. 

Soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması xalqımızın yaşadığı ən böyük faciələrdəndir”. Millət vəkili vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış həm tarixi ədalətin bərpası, həm də azərbaycanlıların mədəni və mənəvi hüquqlarının qorunması baxımından olduqca vacibdir: 

“Bu torpaqların tarixi yalnız coğrafi məkan deyil, həm də milli kimliyimizin, keçmişimizin və gələcəyimizin simvoludur. Azərbaycan xalqının həmin ərazilərə qayıdışı beynəlxalq hüquq normalarına əsaslanan sülhsevər proses kimi həyata keçirilməlidir. Qərbi Azərbaycanda xalqımıza aid yüzlərlə məscid, məqbərə, karvansara və digər tarixi abidələr mövcud idi. Lakin bu abidələrin çoxu zamanla dağıdılmış və ya təhrif olunmuşdur. Qərbi Azərbaycana qayıdış yalnız insanların fiziki qayıdışı deyil, həm də mədəni irsin bərpası və tarixi yaddaşın yenidən canlandırılması deməkdir”. Günay Ağamalı diqqətə çatdırıb ki, qayıdış prosesi yalnız keçmişə deyil, həm də gələcəyə bir baxışdır: 

“Bu qayıdış Azərbaycanın inkişafı və milli birliyinin gücləndirilməsi üçün mühüm bir mərhələdir. Qayıdış prosesi azərbaycanlıların öz doğma torpaqlarına sahib çıxması, mədəni və tarixi varlıqlarını qoruyaraq gələcək nəsillərə ötürməsi baxımından böyük əhəmiyyət kəsb edir. Beləliklə, Qərbi Azərbaycana qayıdış tarixi ədalətin və mədəni irsin bərpası, insan hüquqlarının qorunması və regionda sülhün təmin olunması istiqamətində mühüm addımdır. Qərbi Azərbaycana qayıdış həm də haqlı olaraq xalqımızın gələcək nəsillərə daha güclü irs qoyması deməkdir”. 

Seçilən
23
50
cebheinfo.az

10Mənbələr