AZ

Öz deputatından Avropa Parlamentinə etiraz...

“Bütün bunlar mənim üçün utancvericidir”

Dünyadakı ziddiyyətli geosiyasi reallıqlar fonunda bir sıra Avropa təsisatlarının səlahiyyətlərindən kənara çıxaraq iddialar irəli sürməsi narahatlıqla izlənilir. Bu kontekstdə Avropa Parlamentinin (AP) “fəallığı” xüsusilə diqqət çəkir. Son vaxtlarda AP-nin Avropanın demokratik dəyərlərindən uzaqlaşdığı, milli dövlətlərə münasibətdə ikili standartlara əsaslanan qərəzli yanaşmaları önə çəkdiyi açıq-aydın hiss olunur ki, bu da elə qurumun özündə birmənalı qarşılanmır. Beynəlxalq hüquq normalarına, Avropanın tarixi ənənələrinə və milli dövlətlərin suverenliyinə böyük önəm verən vicdanlı deputatlar Avropa Parlamentinin əsassız müzakirələrini, şantaj vasitəsi kimi qəbul etdiyi qətnamələri kəskin tənqid edirlər. Bu xüsusda növbəti cəsarətli addımı deputat Danilo Della Valle atıb.

AP-də Gürcüstanla bağlı utancverici müzakirələr

Avropa Parlamentində “Gürcüstanda siyasi xaos” mövzusunda müzakirələr bir növ permanent hal alıb. Belə müzakirələr Gürcüstanda ötən il baş tutan parlament və prezident seçkilərindən əvvəl və sonra dəfələrlə aparılıb. Elə təsəvvür yaranır ki, böyük Avropanın bütün problemləri Gürcüstanla bu və ya digər şəkildə ayrılmazlıq təşkil edir. Halbuki deputatların öz vaxtlarını ilk növbədə Avropa məsələlərinin müzakirələrinə həsr etmələri daha məntiqli olardı. Onlar nə üçün unudurlar ki, bu gün Avropa İttifaqı məkanında siyasi qərarlar verilməsini gözləyən problemlər başdan aşır və Avropa insanı deputatlardan ilk növbədə bunu gözləyirlər. “Biz hələ də Gürcüstanla bağlı müzakirələr aparırıq. Bütün bunlar mənim üçün utancvericidir”, - deyə Avropa Parlamentinin deputatı Danilo Della Valle vurğulayıb. Avropa “elitaları”nın Gürcüstandakı seçkilərin nəticələrinin hələ də müzakirə etmələrinə tənqidi yanaşan deputat bildirib ki, ATƏT seçkilərin düzgün keçirildiyini təsdiqləyib. Fikirlərinə davam edən deputat deyib: “Bəzi Qərb dairələri bu günə kimi prosesə müdaxilə etməyə çalışır, hətta qanuni olaraq artıq vəzifədə olmayan prezidentə legitimlik verməyə qədər irəli gedir. Bu, qəbuledilməz haldır”.

Xatırladaq ki, qonşu ölkədə son parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən elan olunan yekun nəticələrə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb.

Eyni zamanda, qonşu ölkənin tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, ötən il dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı prezidenti seçib. Verilən məlumata əsasən, 224 seçici M.Kavelaşvilinin lehinə səs verib. Səsvermədə 225 üzv iştirak edib, bülletenlərdən 1-i etibarsız sayılıb.  Dekabrın 29-da isə prezidentin andiçmə mərasimi  baş tutub və  müxalifətin sıralarında yer alan, milli qanunvericiliyə zidd fəaliyyətlər sərgiləyən sabiq prezident Salome Zurabişvili postunu tərk etmək məcburiyyətində qalıb.

Gürcüstanın Konstitusiya Məhkəməsi də seçkilərin qanuniliyini təsdiqləyib. Beləliklə də, ötən il baş tutan parlament və prezident seçkilərinin qeyri-legitimliyinə dair heç bir sübut yoxdur. Eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri ilə bağlı müsbət rəyini ifadə edib. Bütün bunlardan sonra Avropa Parlamentində Gürcüstanda artıq tarix olan seçkilərlə bağlı müzakirələr aparıması, yeni seçkilərin keçirlməsinə təhrikçi çağırışlar edilməsi hansı məntiqə sığır? AP-nin parlamentariləri qəbul etməlidirlər ki, Gürcüstan Avropanın hansısa bir əyaləti deyil, müstəqil dövlətdir. Bu ölkənin özünün milli qanunvericiliyi var və seçkilər də bu qanunvericiliyə uyğun qaydada həyata keçirilib. Avropa Parlamentinin heç bir əsas olmadan seçkilərin nəticələrini şübhə altına alması Gürcüstan seçicilərinin, gürcü xalqının iradəsinə hörmətsizliyin ifadəsidir və qəbuledilməzdir.

Açıq ikili standart nümunəsi...

AP-də aparılan bədnam müzakirələr zamanı deputat Danilo Della Valle, həmçinin hazırda Qərb üçün xarakterik olan daha bir vazkeçilməz məqama diqqət çəkib. Onun sözlərinə görə, demokratiya və insan hüquqları ilə bağlı mövzular yalnız Qərbin maraqlarına tabe olmayan ölkələrə təzyiq üçün istifadə edilir.

Bəli, hazırda bu məqam Qərb üçün çox xarakterikdir. Burada milli dövlətlərə münasibətlər beynəlxalq prinsiplər əsasında deyil, ikili standartlar əsasında formalaşır. Bəzi dövlətlərin etdikləri qeyri-qanuni davranışlara göz yumulur, hətta onlara siyasi, hərbi, iqtisadi dəstək də göstərilir. Digər qrup dövlətlər isə “qara siyahıya” salınır, onlara qarşı məqsədli şəkildə çirkin siyasət aparılır. Məsələn, Ermənistana və Azərbaycana göstərilən münasibət əsl ikili standart nümunəsidir. Otuz il ərzində Avropa təsisatları Azərbaycan ərazilərini zəbt edən Ermənistana  hansısa bir irad bildirmədilər, əksinə işğalçı ölkəyə heç bir əndazəyə sığmayan qayğı göstərdilər. Avrop Parlamenti də bu sırada yer alır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etməsini həzm edə bilməyən qurum İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonrakı dönəmdə ölkəmizə qarşı bir neçə qərəzli qətnamə qəbul edib.

Milli dövlətlərə təzyiq keçmişdə qalmalıdır

Qonşu Gürcüstan da kollektiv Qərbin  qəzəbinə tuş gələn dövlətlər sırasında yer alır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazda öz mövcudluğunu təmin etməyə çalışan Qərb Gürcüstanın Aİ-yə üzvlüyünü rəsmi Tbilisiyə qarşı bir şantaj vasitəsinə çevirib. Ayrılan qrantların, genişhəcmli maliyyə dəstəyinin, Avropaya vizasız gediş-gəlişin müqabilində Gürcüstandan milli iradədən imtina etmək tələb olunur. Rəsmi Tbilisi siyasətini suverenlik prinsipi əsasında deyil, Brüsseldən gələn tezislər əsasında qurmalıdır. Açıq etiraf edək ki, Aİ Gürcüstanda indiyədək yol verilən diqqətsizlikdən, boşluqlardan istifadə etməklə öz məqsədlərinə doğru müəyyən qədər irəliləməyə nail olub. Belə ki, hazırda cəmiyyətin böyük bir kəsiminin alınan qrantlara görə Qərbin alətinə çevrilməsi Gürcüstanın çox kədərli reallıqlarından biridir. Qərb məhz həmin “sosial bazaya” istinad etməklə rəsmi Tbilisini siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda , Rusiyaya meyllənməkdə ittiham edir. Gürcüstan hakimiyyəti isə Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyub.  Hətta Baş nazir İrakli Kobaxidze ölkəsinin 2028-ci ilədək Avropa İttifaqına inteqrasiya prosesini dayandırdığını bəyan edib. Bundan sonar Qərbdən Gürcüstana təzyiqlərin yeni dalğası başlayıb. “Bu, keçmişdə qalmalıdır və Avropa İttifaqı yeni yanaşma tətbiq etməlidir. Təsəvvür edirəm ki, gələcək nəsillər Avropa Parlamentinin fəaliyyətini diqqətlə araşdıracaq və Qərb xaosa sürükləndiyi zaman burada qəbul edilən qərarlarla bağlı suallar verəcəklər. Biz hələ də Gürcüstanla bağlı müzakirələr aparırıq, halbuki bu məclis illərdir qeyri-insani şəraitdə yaşayan Fələstin əhalisi ilə bağlı mövqeyini bildirməyə vaxt tapmayıb. Bütün bunlar mənim üçün utancvericidir. Biz Avropa vətəndaşlarının etimadını qorumalı və qlobal problemlərə ədalətli yanaşmalıyıq”, - deyə Avropa Parlamentinin deputatı Danilo Della Valle vurğulayıb.

Mübariz ABDULLAYEV

Seçilən
45
25
yeniazerbaycan.com

10Mənbələr