AZ

Azərbaycan nələr ixrac edir: papaqdan cır-cındıradək…

2024-cü ildə Azərbaycandan xarici ölkələrə 3 milyard 356 milyon 507 min dollarlıq qeyri-neft məhsulları ixrac edilib.

Modern.az Dövlət Gömrük Komitəsinin bülletenindən əldə etdiyi məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 3 milyard 90 milyon dollar təşkil edib. İxrac, 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 1,9 faiz artsa da, real ifadədə 11 faiz azalıb.

Azərbaycanın ixrac etdiyi əsas qeyri-neft məhsulları bunlardır:

 • Tərəvəz və meyvə
• Bitki və heyvan mənşəli piylər və yağlar
• Şəkər və şəkərdən qənnadı məmulatları
• Sement, hazır və ya klinker formasında
• Mis filizləri və konsentratları
• Elektrik enerjisi
• Metanol (metil spirti)
• Azot gübrəsi
• Etilen polimerləri, ilkin formalarda
• Polipropilen, ilkin formalarda
• Propilenin sopolimerləri, ilkin formalarda
• Pambıq lifi
• Pambıq iplik
• Qara metallar və onlardan hazırlanan məmulatlar
• Mis və ondan hazırlanan məmulatlar
• Alüminium və ondan hazırlanan məmulatlar

Bunlardan əlavə, Azərbaycan xarici ölkələrə o qədər də populyar olmayan mallar da ixrac edir.

Məsələn, 2024-cü ildə Azərbaycandan xaricə sitrus meyvələrinin qabıqları və yemiş qabığı satılıb. Bu məhsullar "Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları" adı altında təsnifatlaşdırılıb və onların dəqiq həcmi açıqlanmayıb. Amma meyvələrlə birlikdə bu təsnifat altında 496 milyon dollar dəyərində 456 min ton mal satılıb.

Ötən il ölkəmizdən xaricə 13 400 dollarlıq papaq satılıb. Papaqların sayı açıqlanmasa da, ümumi çəkisi 160 kiloqram olub. 2024-cü ildə Azərbaycan xaricə 22,4 milyon dollar dəyərində 8,6 ton işlənmiş geyim və cır-cındır (statistik təsnifatda belə adlandırılır) ixrac edib.

Hesabat dövründə ixrac olunan məhsullar arasında lələk və pərqü, süni çiçəklər, insan saçından məmulatlar da olub. Bu kateqoriyadan olan 290 kiloqram məhsul 1240 dollara satılıb.

Ötən il 2,6 tonluq qiymətsiz metallardan alətlər, qurğular, bıçaq, qaşıq və çəngəl, həmçinin onların qiymətsiz metallardan olan hissələri də satılıb. Bu malların satışından gəlir 19 min dollar olub. 2024-cü ildə xaricə 190 min dollar dəyərində 370 kiloqram saat və saat hissələri ixrac olunub.

Bundan başqa, il ərzində 650 dollarlıq musiqi aləti, 51 dollarlıq oyuncaq xarici ölkələrə göndərilib. Dəyəri 650 dollar olan musiqi alətinin (və ya alətlərinin) çəkisi 60 kiloqram olub.

İl ərzində ixrac olunan məhsullar arasında 140 min dollar dəyərində incəsənət əsərləri, kolleksiya əşyaları və antikvariat da olub.

Azərbaycan xaricə yəhər də satırmış.  2024-cü ildə dəri məmulatları, sərraclıq-yəhər məmulatları və qoşqu ləvazimatları, yol ləvazimatları, qadın çantaları üzrə 55 min dollarlıq ixrac qeydə alınıb.

Ölkəmizdən xaricə 527 min dollarlıq canlı ağaclar və bitkilərin kökləri, soğanaqları, kəsilmiş çiçəklər və dekorativ bitkilər satılıb.

Partlayıcı maddələr (pirotexnika məmulatları, kibritlər, pirofor ərintilər, bəzi yanar maddələr) üzrə 390 dollarlıq mal ixrac olunub. Həmin malların kütləsi o qədər azdır ki, tonla ifadədə 0.00 göstərilib.

İl ərzində ümumi çəkisi 70 kiloqram olan küləşdən hazırlanmış səbət və digər bu tipli məhsullar ixrac olunub. Həmin məhsulların ümumi dəyəri vur-tut 100 dollar olub.

Qeyd olunan məhsulların hansı ölkələrə satıldığı açıqlanmasa da, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə əsas tərəfdaşları bilinir. Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6 faiz), Türkiyəyə (16,4 faiz), Gürcüstana (8,2 faiz), İsveçrəyə (6,3 faiz), ABŞ-a (4,2 faiz), Qazaxıstana (3,8 faiz), Ukraynaya (3,4 faiz), Türkmənistana (2,4 faiz), Omana (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana (1,2 faiz), Rumıniyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Seçilən
16
7
modern.az

10Mənbələr