ABŞ-də fəaliyyət göstərən proqram və məlumat firması “INRIX” tərəfindən dərc edilən “2024 Qlobal Trafik Scoreboard” hesabatına görə, İstanbul tıxacda itirilən vaxt baxımından dünya sıralamasında birinci yeri tutur.
“Cebheinfo.az” xəbər verir ki, hesabatda İstanbulda nəqliyyat gecikmələrinin 2023-cü ildən bəri 15 faiz artaraq 105 saata çatdığı bildirilib. 2019-cu ildə trafikdə sərf olunan vaxta görə 4-cü yerdə olan İstanbul, üstündən 5 il keçməsinə baxmayaraq trafikinə bir çarə tapa bilməyib.
Bu müddət ərzində səhər və axşam gediş-gəliş zamanı şəhərin orta sürəti 38,6 km/saatdan 33,8 km/saata düşüb. Şəhər sakinlərinə trafikin dəyərinin ildə 25-30 min lirə arasında olduğu təxmin edilir. Keçənilki məlumatlara görə, İstanbul 105 saat gecikmə ilə Nyu- York və Çikaqonu 102 saat itirməklə geridə qoyub. Nyu-Yorku 101 saatla London və 97 saatla Paris izləyir.
Hesabatda 2023-cü ildə tıxacda ən yüksək yer tutan şəhərlərin əksəriyyətinin bu sıralamada yerlərini qoruduğu, lakin İstanbulun ilk dəfə siyahıya başçılıq etdiyi vurğulanıb. İnfrastruktur baxımından dünyanın digər şəhərlərindən geri qalan İstanbul zaman keçdikcə nəqliyyat şəhəri olub. 2024-cü ilə qədər araşdırılan şəhərlərin 69 faizində nəqliyyat gecikmələrinin artdığı qeyd edilərkən, bu vəziyyətin şəhərlərdə infrastrukturun olmaması və COVID-19 pandemiyasından sonra artan tələbatla əlaqəli olduğu bildirilir.
Hesabatda nəqliyyatın sıxlığı təkcə infrastrukturun qeyri-adekvatlığının göstəricisi kimi deyil, həm də iqtisadi aktivliyin göstəricisi kimi qiymətləndirilib. Bildirilib ki, insanların, malların və xidmətlərin hərəkətliliyi avtomobil yollarına tələbatı artırır və bu tələb təklifi üstələyəndə nəqliyyatda sıxlıq yaranır.
Mütəxəssislər İstanbulun nəqliyyat sıxlığının iqtisadiyyata mənfi təsirlərini ən çox hər səhər işləmək üçün Anadolu tərəfindən Avropa tərəfinə gedən vətəndaşların hiss etdiyini bildirib.