AZ

Övladlarını “böyütməyən” valideynlər

Uşaq doğulduğu andan etibarən valideynlər üçün həm sevinc, həm də məsuliyyət mənbəyinə çevrilir. Hər bir valideyn övladının sağlam, xoşbəxt və uğurlu böyüməsini istəyir. Lakin bu istək bəzi hallarda o həddə çatır ki, valideyn övladını qorumaq adı altında onun həyatına tam nəzarət etməyə, qərarlarını yönləndirməyə çalışır. Bu nəzarət bəzən o qədər güclü olur ki, artıq yetkin yaşa çatan gənc özünü hələ də uşaq kimi hiss edir, sərbəst qərar verməkdə çətinlik çəkir və ən adi addımlarında belə valideynlərin təsdiqini gözləyir. Məhz bu cür ailələrdə övladlar fiziki olaraq böyüsələr də, psixoloji olaraq yetkinliyə çata bilmirlər.

Cəmiyyətimizin bəzi ailələrində bu tendensiyanın açıq şəkildə müşahidə olunması bir sıra suallar doğurur. Valideynlər övladlarınının böyüdüyünü niyə qəbullanmırlar? Onların həddindən artıq nəzarəti nədən qaynaqlanır? Bu yanaşma həqiqətənmi uşağın xeyrinədir, yoxsa daha çox valideynin öz rahatlığını təmin etmək üçündür? Əslində, məsələ təkcə valideynlərin qoruma instinkti ilə bağlı deyil. Bəzən bu nəzarət valideynlərin öz həyatlarına məna qatmaq üçün övladlarını daima asılı vəziyyətdə saxlamaq istəyindən doğur. Uşağın hər addımını izləmək, onun uğurlarında və ya uğursuzluqlarında bilavasitə iştirak etmək bəzi valideynlər üçün həyatın əsas mənasına çevrilir.

Bununla yanaşı, bəzi valideynlər övladlarının böyüdüyünü və artıq müstəqil qərarlar vermək haqqına sahib olduğunu qəbul etməkdə çətinlik çəkirlər. Onlar üçün övlad həmişə uşaqdır və onun həyatını idarə etmək, onu mümkün səhvlərdən qorumaq bir vəzifə kimi görülür. Halbuki, hər bir insan səhvlərdən öyrənir, hər uğursuzluq yeni bir təcrübə qazandırır və insan məhz bu yolla həyatın çətinliklərinə uyğunlaşır. Həddindən artıq nəzarət isə gəncin sərbəst düşünmək, problemləri həll etmək, riskləri dəyərləndirmək kimi bacarıqlarını məhdudlaşdırır.

Belə ailələrdə böyüyən gənclər çox vaxt öz ayaqları üzərində dayanmaqda çətinlik çəkir, qərarsız olur, hətta azadlıq əldə etdikdə belə bundan necə istifadə edəcəyini bilmir. Çünki onların həyatında həmişə bir nəzarətçi olub, həmişə nə etməli olduqları deyilib, həmişə çərçivələr müəyyən edilib. Valideynləri tərəfindən idarə olunan bu gənclər, nə qədər istedadlı və bilikli olsalar da, müstəqil həyatın gətirdiyi çağırışlara hazır olmurlar. 

Əslində, hər bir valideyn övladını qorumaq istəyir. Uşaq kiçik olanda buna heç kim pis baxmır - əlindən tutursan, yıxılmağa qoymursan, xəstələndi, dərhal sağaltmağa çalışırsan. Amma problem odur ki, bəzi valideynlər üçün bu qoruma instinkti heç vaxt keçib getmir. Övlad böyüyür, universitet oxuyur, işə girir, bəzən hətta ailə qurur, amma hələ də valideynlərin "balaca uşağı" olaraq qalır. O qədər ki, 25-30 yaşlı adam hansı ixtisasa yiyələnsin, hansı işə girsin, kimlə evlənsin, hətta nə geyinsin deyə, hələ də valideyninə müraciət etməli olur. Çünki onun yerinə qərarları həmişə başqası verib.

Valideynlər övladlarını pis yola düşməkdən, səhv etmələrindən qorumaq istəyirlər, amma unudurlar ki, insan öz başına gələnlərdən öyrənir, yoxsa kitab oxumaqla və ya başqalarının sözlərinə qulaq asmaqla hər şeyi anlamaq mümkün deyil.

Bütün bunlar isə bir müddət sonra psixoloji gərginliklərə, özgüvən əskikliyinə və hətta valideyn-övlad münasibətlərində gərginliyə səbəb ola bilər. Çünki müəyyən yaşdan sonra hər bir insan azadlıq istəyir, öz həyatını idarə etməyə çalışır. Lakin uzun müddət nəzarət altında böyüyən gənc azadlıq əldə etdikdə ya bundan düzgün istifadə edə bilmir, ya da ani olaraq valideynlərə qarşı aqressiya sərgiləyir. Çünki illərlə toplanan basqı və yönləndirmələr bir növ narazılıq yaradır və gənc öz həyatını idarə edə bilmədiyi üçün ya passiv qalır, ya da üsyan edir.

Bu problemin həll yolu kimi valideynlərin övladlarına daha çox güvənmələri və onları sərbəst buraxmaları ən doğru addımdır. Bu, əlbəttə ki, o demək deyil ki, valideyn övladını tamamilə başlı-başına buraxmalıdır. Burada əsas məqam nəzarət ilə dəstək arasındakı incə sərhədi tapmaqdır. Valideyn övladına məsləhət verə bilər, ona müxtəlif seçimlər təqdim edə bilər, lakin yekun qərarı gəncin öz öhdəsinə buraxmalıdır. Bu, övladın özünəinamını artırar, onun daha məsuliyyətli və müstəqil şəxsiyyət kimi formalaşmasına kömək edər.

Hər bir insanın həyatında müəyyən mərhələlər var və bu mərhələlərin hər biri müəyyən dəyişiklikləri tələb edir. Uşaqlıq bitdikdə, insan artıq böyüyüb sərbəst qərarlar verməyə başlayanda valideynlərin də ona bu prosesi yaşamağa imkan verməsi vacibdir. Valideynlər anlamalıdırlar ki, övladlarını daim qorumaq, onların yerinə hər şeyi həll etmək mümkün deyil. Bəzi səhvlərə yol vermək, bəzən çətinliklər içində öz yolunu tapmaq, uğursuzluqlardan dərs çıxarmaq insanın inkişafında mühüm rol oynayır.

Unutmaq olmaz ki, sağlam valideyn-övlad münasibəti sərbəstlik və güvən üzərində qurulmalıdır. Bütün bu balans qorunub-saxlanmasa, böyütmək istədiyiniz uşağın  əslində heç vaxt böyümədiyinin şahidi olacaqsınız.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
15
olaylar.az

10Mənbələr