AZ

Nadir İsrafilov: "Uşaq birliyi təşkilatlarının fəaliyyəti yoxlanılmalıdır"

“Bu gün bütün ümumtəhsil məktəblərində uşaq birliyi təşkilatları fəaliyyət göstərir. Real mənzərəyə obyektiv təhlil olunmalı, uşaq birliyi təşkilatları rəhbərlərinin konkret nə işlə məşğul olduğunu öyrənmək üçün bu sahə üzrə monitorinqlər keçirilməli və onların fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edilməlidir”.TehsilForumu.Az “Azərbaycan müəllimi”nə istinadən bildirir ki, bunu açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.O bildirib ki, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan şəxslər kimi uşaq birliyi təşkilatlarının rəhbərləri də ümumi təhsil prosesinin bərabərhüquqlu iştirakçılarıdır: “Məktəblərdə uşaq birliyi təşkilatının funksiyası, onun rəhbərinin vəzifələri “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” qanunlar, o cümlədən "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi", uşaq təşkilat və birliklərinin əsasnamələri və digər normativ hüquqi aktlarla müəyyən olunur. “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən, uşaq birliyi təşkilatı rəhbərinin əmək funksiyasına uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun fəaliyyət həyata keçirmək, uşaq və yeniyetmələrin özfəaliyyəti üçün təşəbbüslər göstərmək və s. daxildir. Eyni zamanda, UBTR fəaliyyətini pedaqoji və humanist prinsiplərdən çıxış edərək qurmalı, təşəbbüslərə yaradıcı yanaşmalı, uşaqların qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaratmalıdır. Özünütərbiyənin pedaqogika və psixologiyasını, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, psixologiyasını, uşaq birliyi təşkilatlarının iş xüsusiyyətlərini bilmək bu təşkilatların rəhbərlərinin qarşısında duran əsas tələblərdir”. Onun sözlərinə görə, təşkilat rəhbərləri uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin etməlidir:“Belə ki, UBTR ona etibar olunan uşaqların sağlamlığı və təhlükəsizliyinin qayğısına qalmalı, uşaq və yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş təcrübəsindən geniş istifadə etməli, təşkilatın maddi-texniki bazasını qoruyaraq inkişaf etdirməlidir. Bundan əlavə, dövlət müəssisələri, ictimai təşkilatlar və çalışdığı pedaqoji kollektiv ilə sıx əməkdaşlıq etməlidir. Lakin baxaq görək, bu gün məktəblərimizdə fəaliyyət göstərən uşaq birliyi təşkilatlarının rəhbərləri müvafiq təlimat və qaydalarla onlara həvalə olunan vəzifələri lazımınca yerinə yetirə bilirlərmi? Eyni zamanda, uşaqların qabiliyyət və bacarıqlarını aşkara çıxarmaq üçün onlara lazımi şərait yaradılırmı? Bir sıra məktəblərdə uşaq birliyi təşkilatları, əsasən, formal xarakter daşıyır, elə məktəblər var ki, uşaq birliyi təşkilatının rəhbərinə sadəcə direktorun təlim-tədrislə əlaqəsi olmayan tapşırıqlarını yerinə yetirmək vəzifəsi həvalə olunub. Yəni bu təşkilat diqqətdən kənarda qalaraq kölgə atributuna çevrilib. Konkret olaraq onu deyə bilərəm ki, nə indiki “uşaq birliyi təşlilatları” əvvəlki “pioner təşkilatı”nın yerində deyil, nə də ki, bugünkü uşaq birliyi təşkilatlarının rəhbəri dünənki “Pioner baş dəstə rəhbəri”ni əvəz edir. Bir sözlə, bu gün uşaq birliyi təşkilatları əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə diqqətdən kənarda qalıb”.

Seçilən
46
50
tehsilforumu.az

10Mənbələr