AZ

“Mister No”nun ardıcılları – “Yox” deyib durublar, hələ bizdən üzrxaqhlıq tələb edirlər

Qroznı üzərində Rusiya HHM-i tərəfindən vurulan təyyarəmizin “qara quruları”nın Braziliyada incələnməsindən sonra Rusiya mediasında səs yazılarının şübhəli mətnləri yayıldı, yaydırıldı, tirajlandı. Daha sonra “ekspertlər” bu səs yazıları üzərində uzaq gedən mülahizələr yürütdülər. Bu mövzuda yazan nəşrlərdən biri belə bir başlıq qoymuşdu: “Əliyevin ittihamlarının heç biri təsdiqlənmədi”.

İfadəyə baxın: “HEÇ BİRİ”. Bunca həyasızlıq, üzü başqa əzalardan qırmızılıq olmazdı, ancaq Rusiya mediası bunu özünə rəva görürdü.

Hətta tsargrad.tv saytı hökm edirdi ki, Azərbaycan təyyarənin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı ittiham irəli sürdüyü üçün üzr istəməlidir.

Əslində isə AZAL-ın təyyarəsinin 25 dekabrda Rusiya ərazisində vurulmasından 2-3 saat sonra artıq çox adama təyyarənin başına nə iş gəldiyi bütün detalları ilə məlum idi. Qəza yerindən çəkilmiş videolarda təyyarənin gövdəsnin dəlik-deşik olması açıq-aşkar görünürdü. Dünya mediasını da dolaşan bu videogörüntülər təyyarənin, rəsmi ifadə ilə desək, kənar fiziki təsirə məruz qaldığını göstərirdi.

Ancaq bir sıra rus təbliğatçılar və ruspərəstlər özlərin uzunqulaq yerinə qoyaraq deyirdilər: “Ekspertizanın nəticələrini gözləmək lazımdır, yalnız o zaman təyyarəyə nə olduğunu dəqiq demək olar”.

O vaxt biz belə bir müqayisə aparmışdıq. Yazmışdıq ki, tutalım, küçədə birinin meyidi tapılıb, meyidin ürəyinə bıçaq saplanıb, qanı axıb gölməçə yaradıb, kriminalistlər isə bildirirlər ki, bunu qətl adlandırmaq hələ tezdir, hər şeyi ekspertiza göstərəcək.

Təyyarə olayında da hər şey bütün çılpaqlığı ilə ortada ikən hansı ekspertiza nəyi necə göstərəcəkdi? Bəlkə göz önündə olan həqiqəti danacaqdılar?

Bütün bu həyasızlığın bir məqsədi vardı: vaxt udmaq, ajiotajı səngitmək, gündəmə başqa mövzuların girməsi ilə qəza söhbətini unutdurmaq, sonra ortaya saxta, təhrif olunmuş, ixtisar edilmiş səs yazısı, qərəzli ekspert rəyi ataraq kələfi dolaşdırmaq.

“Qəzaya təyyarənin quş dəstəsi ilə toqquşması səbəb olub” deyən rus ekspertlər vardı. Bəziləri də əlləri ilə qoyubmuş kimi təyyarənin göyərtəsində oksigen balonunun partladığını iddia edirdi. Dənizə düşməyən təyyarənin salamat qalmış fyuzelyajı isə ortadaydı. Üstəlik, sağ qalmış sərnişinlər öz ifadələrində təyyarəyə nə olduğunu bildirirdilər. Bütün pazlları yerinə oturdanda ümumi mənzərə göz önündə canlanırdı.

Əldə təkzibedilməz dəllillər olsa da, Rusiya tərəfi “hələ bilmək olmaz nə baş verib” deyirdilər. “Qara qutular”ın Qazaxıstanın sərəncamına keçdiyi gün Putinin Qazaxıstan prezidenti Tokayevlə 4 saat boyunca danışdığı barədə informasiya yayılanda ölkəmizdə belə bir şübhə əmələ gəldi ki, Rusiya lideri qazax həmkarından təyyarə qəzasıyla bağlı “normal açıqlama” istəyib. Ancaq Tokayev yekin qərarı Braziliyanın verəcəyini bildirərək özünü Azərbaycan və Rusiyanın arasında qoymaq istəmədi.

qara-8192792405.jpg (165 KB)

“Qara qutular”ın Braziliyaya göndərilməsi bəlkə də təbii idi, çünki Qroznı üzərində vurulan “Embrarer”i istehsal edən ölkə Braziliyadır. Ancaq “qara qutu” deyilən andır yüksək dərəcədə kodlaşdırılmış, məxfiləşdirilmiş bir şey deyil, lent yazısıdır, onu istənilən ölkədə oxutmaq, səsləndirmək mümkündür. Müasir avtomoillərdə olan videoregistratoru izləmək üçün Almaniyaya, Cənubi Koreyaya, Yaponiyaya gedirik, bəyəm? Hər bir sürücü buna günün sonunda və ya nəsə bir hadisə olanda geridən başlayaraq baxa bilir. Təyyarələrdəki “qara qutu” da eləcə, pilotlar və ya texniki personal hər uçuşdan sonra cihazdakı səs qeydlərini dinləyə bilirlər. Adətən, elə də olur, uçuş registratorlarından alınan məlumatlar hər uçuşdan sonra hava gəmisinin fəaliyyətinə nəzarət etmək üçün müntəzəm olaraq istifadə olunur.

uuuaa.jpg (79 KB)

Bu baxımdan “qara qutuları” Braziliyaya göndərmək Azərbaycan üçün vaxt itkisi, Qazaxıstan üçün “başağrısından imtina”, Rusiya üçün isə “suda saman çöpü” idi. Yenə bəziləri ağıllı-ağıllı “Braziliyadan gələn cavabı gözləmək lazımdır” deyirdilər. Bizdə özünü 5-ci kolona yamamaq istəyənlər, Moskvaya rəğbət bəsləyənlər də üzlərini Braziliyaya tutmuşdular.

İntuisiya deyirdi ki, oradan ürəkaçan xəbər gəlməyəcək. Mirzə Fətəli Axundovun yazdığı “Hacı Qara” komediyasındakı bir ifadə yada düşürdü: “Urusun silisti qurtarmaz” (“Silisti” – istintaq).

Doğrudan da təyayrə qəzasına dair yayılan, guya “qara qutu”nun təhqiqi prosesindən “sızan” səs yazılarının mətni xeyli laübalı idi, rusların çiçəyini çırtladan türdən idi. Ona görə də rus “ekspertlər” bir-birinə ötürmə edərək, dərhal “Azərbaycanın heç bir ittihamı doğrulmadı” həyasızlığı etməkdən çəkinmədilər. Qazaxıstan tərəfi isə dünən əsl səs yazısının başqa cür olduğunu, ruslar yayan qeydlərin doğru və dolğun olmadığını bildirərək mübahisəyə nöqtə qoydu.

namyok.jpg (68 KB)

Ancaq həyasızlığı özünə peşə və norma etmiş dairələr üçün fərqi yoxdur, onlar sona qədər dediklərini deyəcəklər. Ukraynanın şəhərlərini işğal edib, qətliamlar törədən, qolubağlı əsirləri yerə uzadıb gülləyən və bunu “Ukraynanı nasistlərdən azad edirik” kimi qələmə verənlərdən obyektivlik və ədalət gözləmək, yazıçı-publisist Viktor Şenderoviçin sözü olmasın, goreşəndən (giena) mənəviyyat gözləmək kimi bir şeydir.

Bu, ona görə belədir ki, rus diplomatlarının kimiri dünyada “Mister No” kimi tanınan Andrey Qrımıkodur. O, 28 il boyunca SSRİ-nin xarici işlər naziri işləyib və bu ləqəbi ona görə qazanıb ki, heç vaxt ölkəsinin törətdiyi cinayəti, qəbahəti boynuna almayıb, heç vaxt heç bir əməkdaşlığa getməyib, bir işin düzələninə çalışmayıb, nə deyiblərsə, “no” deyib. İndiki diplomatlar da elə bilirlər ki, ən yaxşısı Qromıko kimi etmək, heç nəyi etiraf etməmək, təqsiri boynuna almamaq, özünü məsuliyyətdən kənara çəkməkdir.

Zamanında Qromıko da məhz SSRİ HHM-i tərəfindən vurulmuş təyyarəyə görə unikal həyasızlıq nümayiş etdirib. Bu hadisə 1983-cü ildə olub. Həmin vaxt ABŞ-nin dövlət katibi Şults inadla vurulan Cənubi Koreya təyyarəsi ilə bağlı onunla danışmaq istəyib. Qromıko isə malı mala qatmaq, bu mövzuyla yanaşı, başqa mövzuları da müzakirə etmək, ABŞ tərəfinin vurulmuş təyyarəyə fokuslanmasının qarşısını almaq fikrində olub. O, arada eynəyi stolun üstünə çırparaq ayağa qalxıb və kəskin şəkildə Şultsa deyib: “Əgər danışmaq istəmirsənsə, söhbət olmayacaq.” Şults təslim olub və dərhal deyib: “Xeyr, söhbət etmək istəyirəm”. Bundan sonra söhbət məhz Qromıkonun istədiyi mövzularda gedib. Bu əhvalat həmin görüşdə tərcüməçi olmuş Viktor Suxodrev tərəfindən nəql olunub.

İndi XİN başçısı Lavrov da təxminən elə hərəkətlər edir.

AZAL-ın vurulmuş təyyarəsi ilə bağlə həqiqətlər isə bundan ibarətdir: 1. Hava gəmisini Suriya ərazisindən Rusiyaya gətirilmiş “Pantsir-S1” hava hücumundan müdafiə sistemi vurub; 2. Rusiya tərəfi Azərbaycan sisteminə qarşı radioelektron vasitələrin (REM) tətbiqini saxlayıb və bu da idarəetmə sisteminin sıradan çıxmasına səbəb olub; 3. Təyyarəyə atəş açan şəxslərin adları və rütbələri artıq məlumdur.

Bunlara baxmayaraq, Rusiya tərəfi hələ də israrla yaxasını məsuliyyətdən kənara çəkirsə, bu, artıq nə dostluq, nə strateji tərəfdaşlıq, nə də yaxın qonşuluq münasibətləri çərçivəsinə sığır.

Beynəlxalq arenada təkləndiyi vaxtda bu Rusiyaya lazımdırmı? Rusiyalı siyasətçilər emosiya və təkəbbürlə deyil, ağıl-kamalla düşünsələr, situasiyadan çıxış yolu var: səhvi etiraf etmək, dəymiş ziyanı necəsə ödəmək, günahkarları cəzalandırmaq. Vəssalam. “Mister No”-ların dövranı keçib, razılaşanlar, ortaq məxrəci tapmağa çalışanlar uğur qazanır.

Seçilən
23
37
medianews.az

10Mənbələr