Hər iki prezident - Putin və Paşinyan gələcəkdə bu dönəmin ən mahir aktyorları kimi tarixdə qalacaqlar
Geosiyasi baxımdan Ermənistanın indiki durumu çox maraqlı görünür. Bu analoqu olmayan bir tarixi hadisə kimi qiymətləndirilə bilər. Belə ki, indi Ermənistan KTMT-də iştirakdan imtina etsə də, bu quruma üzvlük haqqı ödəməsə də, Rusiyanın patronajlığı ilə qurulan iki iqtisadi və bir siyasi təşkilatda aktiv təmsil olunur - Aİİ, BRİCS və MDB-də.
Ermənistanın KTMT-dən uzaqlaşması əsasən daxili auditoriyaya hesablanıb. Cəmiyyətdə sual yaranır ki, 44 günlük müharibədə bizə hərbi dəstək verməyən hərbi blokda ölkə niyə təmsil olunmalıdır. Ona görə də Paşinyan müharibədən dərhal sonra bu kursu götürdü. Sonda isə bu kurs Avropaya inteqrasiyada işə yaradı - Paşinyan "Sem dayı"ya hesabatında göstərə bilir ki, "o, KTMT-dən çıxmaqla ölkəni Rusiyadan uzaqlaşdırır". Amma reallıqda Ermənistan Rusiyanın 3 beynəlxalq təşkilatında təmsil olunur, üstəlik, ötən il Ermənistan Aİİ-yə sədrlik edib. Lakin ənənəni pozaraq Aİİ-nin sammitinin Ermənistanda keçirilməsinə razılıq vermədi. Sammit Sankt-Peterburqda keçirildi. Paşinyan isə koronavirusa yoluxduğunu bəhanə edərək sammitə onlayn qaydada sədrlik etdi. Bununla da o, Avropaya bir daha göstərmək istədi ki, Rusiya ilə münasibətləri "qırmaqdadır". Bunun ardınca isə ölkənin Avropa Birliyinə daxil olması barədə qanun qəbul edildi. Paşinyan bir tərəfdən Avropaya doğru addımladığını deyir, digər tərəfdən isə Rusiyanın bütün istəklərini təmin edir. Belə yerdə deyirlər ki, "qızın iki adaxlısı var". Amma əslində isə onun bir ənənəvi tərəfdaşı var. Bu da Ermənistanın yaradıcısı olan Rusiyadır.
İranla sərhəd-keçid məntəqəsindən və Zvartnos hava limanından rus sərhədçilərini çıxarandan, Rusiyaya qarşı aqressiv bəyanatlardan və digər addımlardan sonra hamı gözləyirdi ki, Moskvada xarici işlər nazirləri səviyyəsində keçirilən danışıqlarda Rusiya Ermənistanı seçim etməyə zorlayacaq - "ya bizimləsən, ya da Avropa ilə" dilemmasını ortaya qoyacaq. Bu görüşün çox gərgin keçəcəyi proqnozlaşdırılırdı. Lakin bu baş vermədi, Lavrov və Mirzoyan bir-birinin və ölkələrinin şəninə xoş sözlər deyərək brifinqi "heç nə demədən" başa çatdırdılar. Maria Zaxarova jurnalistlərin ona verəcəyi sualı özü səsləndirdi və ardınca isə bildirdi ki, hər şey açıq deyildi, 3 saatlıq danışıq bağlı qapılar arxasında keçdi.
Əlbəttə, bu 3 saat ərzində Ermənistanla Rusiya arasında ən azı yaxın bir neçə ildə atılacaq bütün addım razılaşdırılıb. Mətbuat konfransının gedişindən, Lavrovun ritorikasından da aydın hiss edilirdi ki, Rusiya bu razılaşmadan çox məmnundur.
Ermənistan hər iki tərəfə "bəli" deyirsə, deməli iki tərəfdən birini aldadır. Çünki Qərb və Rusiya dünyanın tamamilə əks qütbləridir. Bir ölkənin bir-biri ilə antaqonist ziddiyyətlərdə olan hər iki qütbdə təmsil olunması müasir geosiyasi reallıqda mümkun deyil. Maraqlıdır, bu oyunda aldadılan kimdir - Ermənistan kimə daha səmimi "bəli" deyir, Rusiyaya, yoxsa Avropaya?
Birincisi, Ermənistanın Avropaya "bəli" deməsi yalnız arzuya, istəyə, xəyallara və ya xülyaya bağlı bir məsələdir. Bununla əlaqədar yalnız Avropa Birliyinə üzvlüklə bağlı qanunun qəbul edilməsi və KTMT-də üzvlüyün dondurulması kimi addımlar ortadadır. Bundan başqa, Ermənistanın sözügedən istiqamətdə heç bir real addımı sezilmir. Hələ Ermənistan "ölü doğulmuş" "Dünyanın kəsişməsi" nəqliyyat layihəsini də Avopanın çiyninə yükləmək istəyir. Lakin Ermənistan Rusiyanın ağsaqqallıq etdiyi 3 təşkilatda təmsil olunur, hələ də Ermənistan sərhədlərini Rusiya qoruyur, ölkədə Rusiyanın 102-ci hərbi bazası mövcuddur, ölkə iqtisadiyyatının 70%-i rus iş adamlarının inhisarındadır, ölkənin xarici ticarət dövriyyəsinin 40%-i birbaşa, 20%-i isə dolayısı ilə Rusiyadan, 15%-i isə Moskvanın müttəfiqlərindən asılı vəziyyətdədir. Bu il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edib. Bu Ermənistanın xarici ticarət dövriyyəsinin 50%-ni təşkil edir. Eyni zamanda, Ermənistanın xarici ticarət dövriyyəsinin 70%-dən çoxu Rusiya, Çin və BƏƏ - BRİCS və Aİİ üzvləri ilə olub. Üstəlik, Aİİ-nin assosiativ üzvü olan İranla ticarət də əhəmiyyətli dərəcədə artıb.
2020-ci ildən sonra iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artaraq 720 milyon dollara çatıb. İki ölkə arasında bu göstəricini 3 milyard dollara çatdırmaq hədəflənib. İranı ona görə, qeyd edirik ki, Ermənistan Aİ üzvlüyünə qəbul edilsə, İranı da tərəfdaş kimi itirəcək. Hazırda dünya ölkələrinin bir-biri ilə münasibətlərini müəyyənləşdirən ən sabit meyar ticarət dövriyyəsidir. Bu kontekstdən yanaşanda Ermənistan siyasilərinin Rusiyanı aldatması mümkün deyil. Bu isə o deməkdir ki, Ermənistan Rusiyanı deyil, Avropanı aldadır.
Ermənistan da Rusiya üçün ən vacib strateji müttəfiqdir. Çünki Ermənistan artıq üçüncü ildir ki, Rusiyanı silah istehsalı üçün vacib olan çiplər və digər elektron sxemlərlə təmin edir. Moskva bu sxemlərdən raket istehsalında və digər hərbi texnikanın təmir və təchizatında istifadə edir, amma bu məhsulları özü istehsal edə bilmir. Ermənistan son 3 il ərzində elektron vasitələrin ixracatına görə, dünyada sıfırdan dördüncü yerə qalxıb. Amma buna baxmayaraq, ölkədə bir çip belə istehsal edilmir. Bütün məhsullar Avropadan və üçüncü, dördüncü ölkələrdən Ermənistana idxal edilir, oradan isə Rusiyaya ixrac edilir. Əvəzində Rusiya özünün əlvan metallarını və almazı Ermənistan vasitəsi ilə Yaxın Şərqə və Avropaya ixrac edir. Hazırda Rusiya almazını Avropada erməni əsilli iş adamı Qaspar Karampetyan satır. Ermənistan 2025-ci il ərzində Rusiyaya 6 milyard dollar həcmində çip və digər elektron vasitələr ixrac edib. Bu Rusiyanın belə məhsullara tələbatının 60%-in təşkil edir.
Deməli, Putinlə Paşinyan bəyanatları ilə aralarında problemlər olduğu barədə imitasiya yaratsalar da, bu iki ölkə bir-birinə çox yaxındır, onlar çox səmimi tərəfdaşdırlar. Əslində bu məsələdə Paşinyanın aldatdığı bir tərəf varsa o da Avropa və Amerikadır. Çunki hazırda Ermənistan iqtisadiyyatının artımla inkişaf etməsini təmin edən Rusiya və onun müttəfiqləridir. Hər iki prezident - Putin və Paşinyan gələcəkdə bu dönəmin ən mahir aktyorları kimi tarixdə qalacaqlar. Çünki onlar düşmən obrazını çox ustalıqla oynayırlar.
Akif NƏSİRLİ