İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsman Aparatının əməkdaşları tərəfindən Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə həyata keçirilib.
Bu barədə “AzPolitika”-ya qurumun Mətbuta Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, başçəkmədə məqsəd bu hərbi hissədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılması olub.
“Başçəkmə zamanı hərbi hissənin karantin yerinə, həbs otağına, anbarına, qısa və uzunmüddətli görüş otağına, mətbəxinə və yeməkxanasına baxış keçirilib, bir sıra nöqsanlar aşkar edilib. Həmçinin cəza çəkən hərbi qulluqçular konfidensial qaydada qəbul edilib, onlara hüquq və vəzifələri və Ombudsmanın səlahiyyətləri izah olunub”, - məlumatda bildirilir.
Daha sonra Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissənin rəhbərliyinə Ombudsmanın “916” Çağrı Mərkəzi barədə məlumatları özündə əks etdirən lövhələr təqdim edilib və həmin lövhələr operativ qaydada hərbi hissənin görünüşü aydın olan yerlərinə yerləşdirilib.
Məlumatda qeyd olunur ki, yekunda hərbi hissənin rəhbərliyi ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, aşkar edilən çatışmazlıqlar diqqətə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində, həmçinin saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
“AzPolitika.info”