19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov bu gün Kosovo yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, U-19 millimiz bu gün Avropa çempionatının (AÇ-2025) ilkin mərhələsində ilk oyununa çıxıb.
B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo yığması ilə qarşılaşıb və 4:1 hesablı əzmkar və möhtəşəm qələbəyə sevinib.
Oyundan sonra İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Oyun çətin məcrada keçdi. Matçın gedişində hesabda geri düşdük. Komandanın üzvləri çox həyəcanlı idilər, çünki bu cür yarışda ilk dəfə iştirak edirdilər. Ancaq fasiləyə qədər hesabı bərabərləşdirdik. Paltardəyişmə otağında söhbət zamanı anladılar ki, bu rəqibi yenmək olar. Bunun da nəticəsi olaraq ikinci hissədə özümüzdə güc tapdıq və qələbə qollarını vurduq. Futzal ailəsini təbrik edirəm.
Bu, U-19-un Avropa çempionatında ilk qələbəsi kimi tarixə düşdü. Buna görə də sevincliyik. Ancaq hələ ki, işin yarısını görmüşük. Bu qələbə mərhələ adlamaq üçün kifayət etmir. Sabah bunun davamını gətirməliyik. İnanıram ki, komanda olaraq bu şansı əldən verməyəcəyik və qələbə qazanıb həm azarkeşlərimizi sevindirəcəyik, həm də əsas mərhələyə yüksələcəyik”.
Xatırladaq ki, U-19 yığmamız bu qrupdakı növbəti oyununu sabah – yanvarın 26-da San Marinoya qarşı keçirəcək. Görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
San Marino yığması qrupdakı ilk oyununda Kosovo millisi ilə qarşılaşıb və 1:7 hesabıyla uduzub.
Qeyd edək ki, ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-na qədər keçiriləcək.