AZ

Luis Enrike Xviça Kvaratsxeliyanın PSJ-də debütünü şərh etdi

PSJ-nin ispan baş məşqçisi Luis Enrike gürcü cinah hücumçusu Xviça Kvaratsxeliyanın parislilərin heyətində debütü haqda söhbət açıb.

Arena.az məlumat verir ki, Kvaratsxeliya Fransa Liqa 1-in 19-cu turu çərçivəsində PSJ-nin “Reyms”i qəbul etdiyi oyunda Fransa nəhənginin heyətində debüt edib.

Gürcüstan futbolunun ulduzu bu oyunda məhsuldar ötürmə ilə fərqlənib, PSJ isə bu oyundan sülhlə ayrılıb – 1:1.

Matçdan sonra Luis Enrike Xviçanın çıxışı barədə bunları söyləyib:

“Bu görüş debüt üçün mürəkkəb oldu. Kvaratsxeliya yaxşı çıxış etdi, cinahda oyuna böyük yaradıcılıq gətirdi. Amma ümumilikdə, bizim bütün hücumçularımız istənilən mövqedə oynaya bilirlər.

Xviça komanda yoldaşları ilə anlaşmağa başlayır və stadionla tanış olur. Bu, çox yaxşı olacağına ümid etdiyimiz münasibətlərin başlanğıcıdır”.

PSJ Kvaratsxeliya ilə müqavilə imzaladığını yanvarın 17-də elan edib. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilə qədər qüvvədə olacaq. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən keçib. Mətbuatda PSJ-nin Kvaratsxeliyanı əlavə üstəliklər nəzərə alınmadan 70 milyon avro məbləğ müqabilində satın aldığı barədə məlumat yayılıb.

Xatırladaq ki, “Napoli” gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatmışdı. Xviçanın İtaliya klubu ilə müaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Cari mövümdə “Kvara” “eşşəkciklər” üçün 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 107 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Seçilən
54
50
arena.az

10Mənbələr