Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Misirin paytaxtı Qahirədə təşkil edilən beynəlxalq turniri 2 medalla başa vurub.
İdman.biz xəbər verir ki, 19 yaşlı gənc idmançı həm təklərin mübarizəsində, həm də türkiyəli Sedat Tumkaya ilə birlikdə çıxış etdiyi qoşa yarışda 2 bürünc mükafata yiyələnib.
İbrahim təklərin qrup mərhələsində misirli və hindistanlı rəqiblərini məğlub edərək 1/8 finala vəsiqə qazanıb. İdmançı ardıcıl 2 mərhələdə hindistanlı rəqibləri üzərində qələbə qazanıb və yarımfinaladək irəliləyib.
Qoşa yarışda isə qrup mərhələsini misirli və hindistanlı rəqibləri üzərində iki qələbə ilə başa vuran Əliyev və Tumkaya tandemi 1/4 finalda da hindistanlı rəqiblərini məğlub edib və turniri yarımfinalda başa vurub.
Qeyd edək ki, turnir "Grade 2" kateqoriyasına daxil edilən Beynəlxalq Badminton Federasiyasının təsnifat yarışıdır.
İdman.biz