AZ

Bəlkə nöqsan daha çox sizdədir, yoldaş Abasov?!

style='margin-bottom:10px;'>

“Neftçi” uğursuz zolağından çıxa bilmir ki, bilmir

Hazırkı mövsümün gedişatında baş məşqçisi Roman Qriqorçuku istefaya göndərib yerinə Samir Abasovu gətirən “ağ-qaralar”ın nəticəsi bu mütəxəssisin gəlişi ilə də düzəlməyib.  Düzələnə də oxşamır. Ya Abasovun gücü çatmır, ya da potensialı bundan artığına imkan vermir.

Dünən “Neftçi” Misli Premyer Liqanın 20-ci turunda “Araz Naxçıvan”a da uduzdu - 1:2. Bu, komandanın hazırkı mövsüm çempionatda 8-ci məğlubiyyəti oldu. Məğluniyyətlə yanaşı komandanın oyunu yoxdur, futbolçularda istək, mübarizə əzmi, klubuna ürək yandırmaq kimi olması olan keyfiyyətlər görünmür.

Hazırda “Neftçi”nin 20 oyundan vur-tur 18 xalı var və 7-ci yerdədir.

30 milyon manat mövsümi büdcəsi olan (qeyri-rəsmi məlumat) bir klub üçün, bu, əlbəttə, heç bir bəraəti olmayan acınacaqlı göstəricidir. Müqayisə üçün qeyd edək ki, elə həmin “Araz Naxçıvan”ın büdcəsi “Neftçi”dən az 3 dəfə azdır və turnir cədvəlində paytaxt klubunu düz 24 xal qabaqlayır. “Neftçi”nin əzəli rəqibi olan “Qarabağ”dan düz 32 xal geridə olmasına isə tarixdə heç vaxt rast gəlinməyib və bu, artıq həqiqi fiaskonun tablosudur.

“Qarabağ” bir kənara. 

Turnir cədvəlində “Neftçi”dən öndə olan “Zirə”, “Turan Tovuz”, “Sabah”, hətta “Sumqayıt”ın belə büdcəsi “Neftçi”dən azdır.

Utancverici mənzərə sayılmalıdır. Klub, məşqçi heyəti və futbolçuları üçün. “Neftçi”yə idarəçi təyin edilən Cenk Sümer bəyəfəndi gələndən o ki var para qazanıb. Bəs, yaxşı, komandaya xalı kim qazandıracaq? Cenk bəyin və köməkçilərinin işi nədən ibarətdir?

Amma təbii ki, səbəbkar təkcə rəhbərlik də deyil. Rəhbərlik baş məşqçini ona görə gətirib ki, komandanı yaxşı vəziyyətə çıxarsın. Amma Abasovun təyinatından sonra “Neftçi” 11 çempionat matçında cəmi 3 qələbə qazanıb. 

Nəticədə indi komandanın çempionat yolu ilə avrokuboka düşməsi yalnız möcüzə sayəsində ola bilər. Çünki “ağ-qaralar”ın avrokubokda iştirakını mümkün edən 4-cü yerdən düz… 17 xal ayırır. Odur ki, baş məşqçi Samir Abasov ümidini bağlayıb yalnız kuboka. 

Amma o, çarəsiz durumda olduğunu dünən “Araz Naxçıvan”la matçdan sonra keçirdiyi mətbuat konfransında da etiraf edib:

Problemlərimiz var, çətinliklər var. Bunun öhdəsindən hələ ki, gələ bilmirik. Əsas problem hücumlardır. Bunun da nədən irəli gəldiyini bilirəm. Sadəcə problemi çözməkdə çətinlik çəkirik”. 

Yoldaş Abasov, bu qədər legioner, əla şərait, yaxşı maaşla “Neftçi”yə qayıtdığınız bu 3 ayda problemi çözə bilməmisinizsə, bəlkə nöqsan futbolçudan daha çox da elə sizin özünüzdədir? Hər gələn məşqçinin problemi özündən əvvəlki məşqçinin dönəmində alınan futbolçunun üzərinə atması da bəraət sayıla bilməz.

Abasov avrokuboklara çempionat yolu ilə düşə bilməyəcəklərini də qəbul edir. 

“Artıq bütün prioriteti kuboka yönəldəcəyik. O demək deyil ki, çempionata uduzmaq üçün çıxacağıq. Amma tam gücümüzü kuboka verərək, inşallah, orada nələrisə etməyə çalışacağıq. Bu qədər”.

“Neftçi”nin kubokun qalibi olub-olmayacağını, Samir Abasovun bunu necə edəcəyini zaman göstərər.

Hələlik reallıq onu göstərir ki, “Neftçi”ni illərdir düşdüyü bu durumdan nə tez-tez dəyişən rəhbərlik və məşqçilər, nə bir ətək pul tökülüb gətirilən və yola salınan legioner futbolçular düzəldə bilir. 

Görünür, ümid artıq bir Allaha qallb.

ELNUR

Seçilən
25
50
teleqraf.com

10Mənbələr