AZ

Tahir Kərimli: "Azərbaycan müxalifətinin "diktator" dedikləri Putini "dünya lideri" kimi də adlandırmaları mümkündür"

“Milli Şuranın 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinə məktub göndərməsi barədə mətbuatda məlumatlar dərc olunub. Deyirlər ki, guya bu, doğru məlumat deyil. Həmin məktubun tam mətnini "Yeni Azərbaycan" qəzeti çap edib. Buna görə də məlumatın doğru olmadığını deməyin özü doğru deyil. Çox ciddi məsələdir. İnandırıcı tərəfinin biri bundan ibarətdir ki, yadımızdadır, Rüstəm İbrahimbəyovun Rusiya və Azərbaycanla ikili vətəndaşlığı var idi. Özünü Azərbaycan Respublikasının prezidentliyinə namizəd göstərmək istəyəndə Rusiya hökuməti ilə necə güclü əlaqə qurmaq istəyirdi. Hətta o zaman Rusiyadakı Azərbaycan cəmiyyəti, Abbas Abbasov və digərləri də canfəşanlıq edirdilər. Rusiyada Milyonerlər İttifaqı yaratmışdılar. İttifaq Milli Şura və onun namizədini müdafiə etmək öhdəliyi götürmüşdü. Buna görə də yayılan xəbər həqiqətə oxşayır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

 

“İkincisi, Milli Şuranın rəhbərliyində elə bir üzvü yoxdur ki, o, vaxtilə ya iqtidarı müdafiə etməsin, ya da parlamentdə oturub iqtidara xoş gələn hərəkətlər sərgiləməsin. Yəni vəziyyət sonradan dəyişib. Deməli, bu insanlar hər zaman fikirlərini dəyişə bilərlər. "Diktator" dedikləri Putini "çox əhəmiyyətli dünya lideri" kimi də adlandırmaları mümkündür. Bu isə bir daha göstərir ki, Milli Şura əqidə təşkilatı deyil. Təkcə Tofiq Yaqubluya yazığım gəlir. Onun kimi adamlardan istifadə edib, irəli verirlər. Özləri isə arxada çirkin siyasət yürüdürlər. Yayılan məktub bir daha özünü "real müxalifət" sayanların simasını göstərir. Zaman-zaman parlamentdə oturub, bu iqtidara legitimlik verirdilər. Deputat olmayandan sonra isə başladılar iqtidarın əleyhinə getməyə. Lazım olmayanda Rusiyanı söyürlər, lazım olanda isə dostluqları qarşılığında hər hansı öhdəlik götürməyə hazır olduqlarını bildirirlər. Hesab edirəm, müxalifət yenilənməlidir. Keçmiş reputasiyası ləkəli olmayan, doğru insanlar saf, təmiz müxalifət yaratmalıdırlar. Nəinki belə oyunbazlıqla məşğul olanlar... Milli mənafeyini hər zaman Rusiya və digərlərinin qarşısında qurban verməyə hazır olanlardan imtina etməlidirlər”, - T.Kərimli bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 27 Yanvar 2025, 12:55   
Seçilən
7
50
pravda.az

10Mənbələr