Şokoladın qiymətinin yaxın 1 il ərzində 100 faizdən çox artacağı gözlənilir.
Sfera.az bildirir ki, buna səbəb iqlim dəyişikliyi nəticəsində iri kakao yetişdirən Qana və Kot-d'İvuar ölkələrində kakao paxlası məhsulunun kəskin şəkildə azalmasıdır.
Kakaonun həddindən artıq qıtlığı da qiymətlərin kəskin artmasına səbəb olub.
Belə ki, 2024-cü ilin sonunda kakaonun qiyməti tarixi rekord həddə çatıb. Son 2 ildə 1 ton kakaonun qiyməti 5 dəfədən çox artaraq 2200 ABŞ dollarından 12000 ABŞ dollarına yüksəlib. Ekspertlərin hesablamalarına görə, yaxın 1 il ərzində şokoladın qiyməti 100 faizdən çox artacaq.
Avropa və Amerikanın iri qənnadı şirkətləri artıq öz şokoladının qiymətini 20 faizdən çox qaldırıblar və bu il də qiymət artımının olması mümkündür. Biznesin idarə oluna bilməsi üçün hər bir şirkət müxtəlif tədbirlər görür. Bəziləri məhsulların tərkibindəki kakao miqdarını azaltmaq niyyətindədir. Bəziləri isə etiraf ediblər ki, bəlkə kakao məhsullarının yerinə başqa inqrediyentlərdən istifadə edəcəklər və ya məhsulun qiyməti eyni qalacaq, ancaq fərdi olaraq satılan şokoladın ölçüsü azaldılacaq.
İstehlakçı mümkün qədər ayıq olmalıdır, çünki istehsalçılar kakao adı altında palma yağı və digər əvəzediciləri olan şokolad istehsal edə bilərlər.
Firuzə Əliyeva