AZ

Millimizin futzalçısı: “Qarşıya qoyulan məqsədə nail olduq”

“Oyun gözlədiyimizdən daha çətin keçdi. Ola bilsin, biz ardıcıl 2 gün ərzində iki oyuna çıxmağımız yorğunluğa səbəb oldu”.

İdman.biz xəbər verir ki, bunu Avropa çempionatının ilkin mərhələsində iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin oyunçusu Nazim Hüseynov deyib.

O, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında yığmamızın çıxışını dəyərləndirib: “Həm də Kosovo – San Marino görüşünü izləmişdik. Düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır. Bu da müəyyən qədər arxayınlıq yaratmışdı. Düzdür, məşqçilər diqqətli olmağımızı, bu görüşün əvvəlkindən daha çətin keçəcəyini deyirdilər. Çünki rəqibimiz həm bir gün artıq istirahət etmişdi, həm də itiriləsi heç nəyi qalmamışdı. Vacib olan xalı qazandıq. Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik. İkinci görüşdə qələbə qazana bilməsək də, yekunda qarşıya qoyulan məqsədə nail olduq. Yeri gəlmişkən, oyun günü atamın doğum günüdür. Çox istəyirdim qol vurum və ona hədiyyə edim. Bunun üçün şansım da oldu, təəssüf ki, zərbədən sonra top qapı dirəyinə dəydi. İstənilən halda, mərhələ adlamağımız da uğurdur və atamı bununla təbrik edirəm”.

Futzalçı əsas mərhələ barədə də fikirlərini bildirib: “Əsas mərhələdə daha güclü rəqiblərlə qarşılaşacağıq. Ona qədər azı 2 ay vaxtımız var. Həm Yüksək Liqada oyunlarımız olacaq, həm də yaxşı hazırlıq keçəcəyik. Ümid edirəm ki, əsas mərhələdə də qazanacağımız xallarla futzal ailəsini sevindirəcəyik”.

Qeyd edək ki, millimiz Kosovonu 4:1 hesabı ilə məğlub etdikdən sonra San Marino ilə heç-heçəyə (2:2) imza ataraq qrupda 1-ci yeri tutub.

İdman.biz

Seçilən
16
11
idman.biz

10Mənbələr