Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından iki il ötür
2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın edilib.
Kalaşnikov avtomatı ilə silahlanmış hücumçu mühafizə postunu yarıb və mühafizə xidmətinin rəisi Orxan Əsgərovu öldürüb.
Səfirliyin iki təhlükəsizlik əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2023-cü il tarixli sərəncamı ilə Orxan Rizvan oğlu Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Vasif Natiq oğlu Tağıyev 1-ci dərəcəli Rəşadət ordeni, Mahir Kamil oğlu İmanov “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Terror aktından sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. 2023-cü il yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Tehrandan Bakıya təxliyə edilib. Səfirlik əməkdaşları və onların ailə üzvləri də daxil olmaqla ümumilikdə 53 nəfər vətənə qayıdıb.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılan danışıqların nəticəsi olaraq 2024-cü il iyulun 15-dən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və indiki səfirliyin əməkdaşları İrana qayıdıblar.
Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin məhkəməsi iki il davam edib. İran Ali Məhkəməsi onun ölüm hökmünü qüvvədə saxlayıb. İş icraat üçün Tehrana göndərilib.