AZ

Ekspert: “Rusiya Ermənistanı özündən tam “küsdürmək” istəmir” – ÖZƏL

"Rusiya çalışır ki, hələ ki, Ermənistanı tamamilə itirməsin. Yəni aqressiv siyasət həyata keçirərək Ermənistanı tam özündən qoparmaq istəmir. Çünki hazırda Rusiya üçün Qərbin sanksiyalarının qarşısının alınmasında Ermənistanın rolu tanınmazdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Ermənistan hökuməti çox aktiv şəkildə Rusiyaya Qərbin sanksiyalarına qarşı müdafiədə yardım göstərir. Rusiya və Ermənistan arasındakı münasibətlərin pisləşdiyi görünsə də, son zamanlarda ticarət dövriyyəsinin artmasının şahidi oluruq. Bütün bunlara görə, güman ki, rəsmi Moskva İrəvanla münasibətləri pozmaq istəmir və bu barədə açıqlamalarla çıxış edir. Təbii ki, Ukraynada müharibə bitdikdən, Qərblə Rusiya arasında razılaşma bağlandıqdan sonra Rusiyanın Ermənistana real münasibətinin şahidi olacağıq. Rəsmi Moskva bundan sonra Ermənistana lazım olan cavabı verəcək. Hələ ki, özündən tam "küsdürmək" istəmir. Çalışır ki, münasibətlərə bir o qədər zərbə vurmasın. Eyni zamanda hadisələrin gedişatını da gözləmək istəyir. Kremldə yaxşı başa düşürlər ki, onsuz da Ermənistan Avropa İttifaqına üzv ola bilməyəcək. Çünki  Avropa İttifaqı bu mərhələdə Ermənistanı qəbul edə bilməz. Uzun müddətdir ki, bu qurum Gürcüstanı və Ukraynanı qapısının ağzında gözlədir. Yəni Ermənistanı birdən birə götürməsi ciddi problemlərə yol aça bilər və buna görə də düşünmürəm ki, Ermənistan qəbul olunacaq. Kremldəkilər də belə düşünür. Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılı vəziyyətdədir və Rusiya tərəfi də bildirib ki, əgər Ermənistan Avropa Birliyinə üzv olarsa, Avrasiya İqtisadi Birliyini tərk etməlidir. Belə olan halda da bu, ciddi problemlərə yol aça bilər. Böyük ehtimalla Moskva da düşünür ki, Ermənistan ondan tam qopa bilməyəcək. Buna görə də çalışırlar ki, ən azı hələ ki münasibətləri tam gərginləşdirməsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
41
olaylar.az

10Mənbələr