AZ

Gizli Mason üzvü, səfil, möcüzəvi bəstəkar - Mozartın doğum günüdür...

Musiqi dünyasının parlaq ulduzu, dahi bəstəkar, dövrünün ən tanınmış sənətçilərindən biri. Onun əsərləri hələ də musiqiçilər və dinləyicilər tərəfindən heyranlıqla qarşılanır... Söhbət dahi avstriyalı bəstəkar Volfqanq Amadey Mozartdan gedir....Bu gün onun doğulduğu tarixdir.

 

Sfera.az Mozartla bağlı maraqlı məlumatları təqdim edir. 

 

 

Əvvəlcə qeyd edək ki, bəstəkar 1756-cı ildə 27 yanvarda o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Mozartların ailəsində dünyaya göz açıb.

 

Möcüzəvi uşaq...

 

Mozart erkən yaşlarından musiqi ilə məşğul olmağa başlayıb.  O, 3 yaşında klaviatura  musiqi alətlərində çalmağı öyrənib, 4 yaşında musiqi bəstələyib. 6 yaşında artıq Avropa saraylarında konsertlər verirdi.  O dövrün kralları və kraliçaları onun uşaq yaşda belə musiqi dahiliyinə heyran qalmışdılar. Mozart demək olar ki, Avropanın ilk musiqi ulduzu idi. O, uşaqlıqdan məşhur olduğu üçün dəfələrlə ailəsi ilə müxtəlif ölkələrə səfərlər edir və Avropa saraylarında çalırdı. Uşaq yaşlarında Avropa turneləri o dövr üçün olduqca qeyri-adi idi.

 

Zövqlü və əyləncəli şəxsi həyat...

 

 


Mozart ümumiyyətlə əyləncəli biri olub, hətta deyilənə görə, onun bir qədər qeyri-adi yumor hissi var idi. O, dostlarına yazdığı məktublarında çox vaxt zarafatlar edər, hətta bəzi hallarda kobud və vulqar ifadələrdən belə istifadə edərdi. Onun məktubları müasir dövrdə də təəccüblə qarşılanırdı, çünki dahi insandan belə davranış gözlənilmirdi. Mozart təkcə ciddi operalar deyil, həm də zarafat məqsədli kiçik əsərlər də bəstələyirdi. O, musiqi ilə zarafat etməyi sevir və bəzi kiçik əsərlərində zarafatyana notlara yer verirdi. Məsələn, “Leck mich im Arsch” adlı əsəri ciddi olmayan tonlarda yazılmışdı və Mozartın əyləncəli təbiətini göstərirdi.

 

Gizli mason üzvü...

 

 


Mozart gizli Masonlar cəmiyyətinin üzvü idi. O, bu təşkilata böyük maraq göstərirdi. “Sehrli fleyta” operası da Masonlar fəlsəfəsini əks etdirən musiqi əsəri kimi qəbul edilir. Masonlar cəmiyyəti Mozartın əsərlərindəki simvolizmdə mühüm yer tutur.

 

Təbiətə, heyvanlara sevgisi..

 

Mozart heyvanları çox sevirdi və evində bir neçə heyvan saxlayırdı. Ocümlədən it, quş və ya dovşan. Onun xüsusi olaraq bir ulduzquşu (starlings) vardı ki, bu quşla danışmaqdan böyük zövq alırdı. Maraqlıdır ki, Mozart bu quşa bir melodiya öyrətmişdi və quş həmin melodiyanı mükəmməl şəkildə təkrarlaya bilirdi.

 

Sürətli bəstələmək, sirli əsər..

 

 

Mozartın bəstələmə sürəti inanılmaz idi. O, ən mürəkkəb musiqi əsərlərini çox qısa müddətə tamamlayırdı. Məsələn, “Sehrli fleyta” operasını cəmi bir neçə həftəyə yazmışdı. Həmçinin, bəzi əsərlərini son anlarda, hətta tamaşa başlamazdan bir neçə saat əvvəl tamamladığı qeyd olunur. Onun son əsəri “Rekviem” ətrafında bir çox miflər mövcuddur. O, əsərin sifarişini kimdən aldığını heç vaxt bilmədi. “Rekviem”i yarımçıq buraxsa da, onun tələbələri əsəri tamamladılar. Bir çoxları bu əsərin onun öz ölümünə bir növ hazırlıq kimi olduğunu düşünür.

 

Borc içində yaşadı...

 

 

Mozart, musiqi dahiliyi ilə yanaşı, maliyyə problemləri ilə də üzləşirdi. O, ölümündən əvvəl necə deyərlər, böyük borclar içində üzürdü. Çox parlaq karyerası və möhtəşəm əsərlərinə baxmayaraq, maliyyə idarəçiliyi yaxşı deyildi. 

 

Ölümü ilə bağlı nəzəriyyələr...

 

Mozartın ölüm səbəbi hələ də bir çox tədqiqatçı tərəfindən dəqiq bilinmir. O, 5 dekabr 1791-ci ildə, 35 yaşında dünyasını dəyişib. Ölümündən sonra bir çox nəzəriyyələr irəli sürülüb, lakin heç biri tam sübuta yetirilməyib. Ən geniş yayılmış nəzəriyyələrdən biri onun təbii xəstəlikdən öldüyüdür. Tarixi qeydlərdə göstərilir ki, Mozart ölümündən əvvəl kəskin şəkildə xəstələnib və yüksək hərarət, şişkinlik, qusma və zəiflik kimi əlamətlər göstərib. Mümkün səbəblər arasında böyrək çatışmazlığı, reumatik qızdırma, qızılca, ya da infeksiya ola bilər. Onun simptomları sonradan o dövrün tibbi anlayışı ilə tam izah edilməmişdi. Uzun illər ərzində zəhərlənmə nəzəriyyəsi də müzakirə obyekti olub.  Bəzi şayiələrə görə, Mozartın rəqibi Antonio Salieri onu zəhərləyib. Bu nəzəriyyə xüsusilə populyar olub, lakin müasir tarixçilər və tədqiqatçılar bu nəzəriyyəni sübut edə bilməyiblər. Mozartın ölümü ilə bağlı başqa bir nəzəriyyə, onun son illərində yaşadığı ağır iş şəraiti və stressin səbəb olmasıdır. O, çox sayda sifariş alırdı, xüsusilə sonuncu əsəri olan “Rekviem”i yazarkən özünü fiziki və emosional olaraq tükənmiş hiss edirdi. Bu tükənmə, artıq mövcud olan xəstəliyini daha da ağırlaşdırmış ola bilər. Ölümündən sonra baş verən hadisələr və onun Vyanada sadə, izsiz bir məzarda dəfn edilməsi Mozartın ölümü ətrafında sirrlərin yaranmasına yol açıb.

Günay Rəsulqızı
 

Seçilən
13
33
sfera.az

10Mənbələr