Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 28-də Səudiyyə Ərəbistanına səfər edəcək.
Xezerxeber.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında inkişaf edən siyasi münasibətlər, sürətlə artan ticarət həcmini daha da yüksəltmək hədəfi, Türkiyə-Səudiyyə Koordinasiya Şurasının ikitərəfli əməkdaşlığın dərinləşməsində və yeni əməkdaşlıq sahələrinin yaradılmasında rolu kimi məsələlərin müzakirəsi gözlənilir. Görüşlər zamanı fikir mübadiləsi aparılacaq mövzular arasında beynəlxalq məsələlər, o cümlədən Suriyadakı son vəziyyət və beynəlxalq ictimaiyyətin buna yanaşması, İsraillə Fələstin arasında əldə edilən atəşkəslə bağlı proseslər də yer alacaq.
Səfər çərçivəsində 2016-cı ildə yaradılan və ilk iclası ondan bir il sonra Ankarada keçirilən Türkiyə-Səudiyyə Koordinasiya Şurasının fəaliyyəti də müzakirə ediləcək. Şuranın ikinci iclasının yaxın vaxtlarda XİN rəhbərlərinin sədrliyi ilə Ər-Riyadda keçirilməsi gözlənilir.
Türkiyə və Səudiyyə Ərəbistanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqası Qəzza Təmas Qrupuna üzv ölkələrdir.
Qeyd edək ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı ticarətin həcmi 2024-cü ildə təxminən 8 milyard dollar olub. Türkiyənin inşaat şirkətləri indiyədək Səudiyyə Ərəbistanında 400-dən çox layihə həyata keçiriblər. Səudiyyə Ərəbistanının marağını Türkiyəyə cəlb edən məqamlardan biri isə sürətlə inkişaf edən müdafiə sənayesi sektorudur.