AZ

İran ABŞ-Ermənistan sazişini dəstəklədi- nazir müavini sirr açdı...

Image

Elşən Manafov: “Ermənistanın sözdə Qərbə inteqrasiya ilə bağlı addımları Rusiya və İranı ciddi narahat etmir”

İran ABŞ-ın sərhəd nəzarəti üzrə mütəxəssislər qrupunun Ermənistana gözlənilən səfərinə dair narahatlıq bildirməyib. Bunu jurnalistlərə xarici işlər nazirinin müavini Paruyr Ovannisyan ABŞ-la imzalanan Strateji Əməkdaşlıq haqqında Xartiyadan danışarkən bildirib.

“Xarici işlər nazirinin müavini Vaan Kostanyan bu günlərdə Tehranda səfərdə olub. Siz bizim iranlı həmkarlarımız tərəfindən hər hansı bir narahatlıq gördünüzmü? Əksinə, yüksək əməkdaşlıq səviyyəsi yenidən sübut olunub. İranla razılığa gəlmədiyimiz heç bir məsələ yoxdur, münasibətlərimiz görünməmiş dərəcədə yüksək səviyyədədir, bunu qarşılıqlı səfərlərdən, bəyanatlardan görmək olar”, - nazir müavini qeyd edib.

Burada maraqlı məqam odur ki, Ermənistan xarici işlər nazirinin müavini Ovannisyan ABŞ-la imzalanan xartiyadan danışır. Deyir Blinkin deyir ki, biz Ermənistana sərhəd və gömrük təhlükəsizliyinin möhkəmləndirilməsi üçün qrup göndərəcəyik. Ovannisyan onu da qeyd edib ki, bu günlərdə onların XİN rəsmisi Kostanyan İranda səfərdə olub və orada ABŞ-ın məlum yardımı ilə bağlı heç bir narahatlıq ifadə edilməyib. Çox qəribədir. Çünki Ermənistan sərhədlərində ABŞ gəlib dayanır, amma İran buna reaksiya vermir. Faktiki olaraq Ovannisyan sirri açır. Yəni Kostanyana heç bir narazılıq bildirməyiblər ki, Ermənistanın sərhəd və gömrük təhlükəsizliyinin qorunması ilə ABŞ hərbçiləri məşğul olacaqlar. Bütün bunlara İran heç bir reaksiya vermir, amma Naxçıvana dəhliz məsələsində Tehran hər vasitə ilə mane olmağa başlayır. Niyə?

“Tehran Zəngəzur dəhlizi timsalında tranzit gəlirlərindən məhrum olacağından qorxduğu üçün hər vasitə ilə mane olmağa çalışır...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Elşən Manafov bütün bunlara bir neçə prizmadan yanaşdı: “Ermənistanın ABŞ-la strateji əməkdaşlıq barədə imzaladığı müqaviləyə region dövlətlərinin münasibəti birmənalı deyil. Əvvəla, Paşinyan bu müqaviləni artıq hakimiyyət səlahiyyətləri bitməkdə olan Bayden administrasiyası ilə imzalayıb. Paşinyan isə, bəllidir ki, Ermənistanda hakimiyyətə gəlişi üçün Baydenlə yaxın münasibətlərdə olan milyarder və filantrop Sorosa borcludur. MDB məkanında geosiyasi mahiyyət kəsb edən rəngli inqilabların sifarişçisi və maliyyə təminatçısı olan Sorosla Paşinyanı qarşılıqlı maraqlar birləşdirir. Rusiyanın MDB və o cümlədən Cənubi Qafqaza təsir imkanlarını zəiflətmək Soros və qlobalistlərin, bəllidir ki, əsas məqsədlərindən biri olub. Bu mənada Paşinyan Cənubi Qafqazda geosiyasi reallıqların qlobalistlərin maraq müstəvisi üzərinə gətirilməsinə məsul olan siyasətçilərdən idi. ABŞ-da antiqlobalistlərin prezident seçkilərindəki qələbəsi Paşinyanın oyundankənar vəziyyətə düşmə ehtimallarının artmasına səbəb olduğundan, o, keçən ilin sonunda Bayden iqtidarı ilə müdafiə və təhlükəsizlik sahəsində məlum müqavilənin imzalanmasına nail oldu. Müqavilənin artıq getməkdə olan Bayden iqtidarı ilə imzalanması və onun perspektivdə Ermənistan üçün hansı əhəmiyyət kəsb edə biləcəyi ilə bağlı suala cavab verərkən Ermənistanın xarici işlər naziri Mirzoyan müqavilənin Bayden hakimiyyəti ilə deyil, ABŞ dövlətçiliyi ilə imzalandığını dedi. Bunu vurğulamaqla rəsmi İrəvanın bu müqavilənin yaratdığı imkanlardan çıxış edərək, ABŞ-la münasibətləri genişləndirə biləcəyinə eyham vurub”. 

Politoloqun fikrincə, gerçəkdən Tramp istəsə belə, Konqreslə razılaşdırmadan Ermənistanla məlum müqavilənin şərtlərindən birtərəfl şəkildə imtina edə bilməyəcək: “Trampın isə İran, xüsusilə onun nüvə çalışmaları ilə məlum proqramında, Baydendən fərqli olaraq, daha kəskin mövqe tutmasının mahiyyətinə Ermənistanda varırlar. Lakin Cənubi Qafqazdakı geosiyasi durum hazırda ABŞ-ın maraqlarına cavab verə biləcək müstəvidə deyil. Bunu rəsmi Tehran da gözəl anlayır. Onun keçən həftə Rusiya ilə strateji tərəfdaşlıq və muttəfiiqlik barədə Moskvada imzaladığı müqavilə isə hər ikisinin regional maraqlarına cavab verən bir hadisə olub. ABŞ və ya Avropa İttifaqının Ermənistana kiçik qruplar halında gəlişi indiki regional reallıqlar konteksində hələ ki, nə Moskva, nə də Tehran üçün ciddi təhlükə təşkil edir. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qaldığı şəraitdə İran Ermənistan üçün, Gürcüstan dəmir yolu istisna olmaqla, dünyaya tranzit və çıxış imkanları olan nəfəslik kimi qalmaqdadır. Ermənistan sərhədlərinə nəzarəti hələ də Rusiya sərhədçiləri həyata keçirir. Ermənistan infrastrukturu, xüsusilə onun dəmir yolları üzərində qiymətli səhmlər Rusiya şirkətlərinə məxsusdur. Ermənistanın enerji təhlükəsizliyi büsbütün Rusiya və qismən İrandan asılıdır. “Qazprom” qazın min kubmetrini Ermənistana cəmi 165 dollara satır. Rəsmi İrəvana edilən xəbərdarlıqlarda isə, onun dünya enerji birjalarında, yəni 3 dəfə baha qiymətə satıla biləcəyi ilə bağlı eyhamlar yer alır. Ermənistanın Rusiya və İranla ticari dövriyyəsi onun ticari münasibətlərinin əhəmiyyətli hissəsini təşkil edir. Ermənistan Aİİ ilə münasibətlərdə İran tərəfi üçün azad iqtisadi ticari zona rakursundan çıxış edir. Bu barədə saziş keçən il imzalanıb. Bütün bu amillərin kontekstində Ermənistanın sözdə Qərbə inteqrasiya ilə bağlı addımları Rusiya və İranı ciddi narahat etmir. İranın Zəngəzurla bağlı mövqeyi bundan irəli gəlir ki, dəhliz açılacağı təqdirdə o, oyundan kənarda qalıb öz ərazisi ilə keçən tranzit əhəmiyyətli yolun gətirdiyi mənfəəti itirə bilər”.

Vidadi ORDAHALLI





Seçilən
7
14
baki-xeber.com

10Mənbələr