AZ

Luis de la Fuente ilə yeni müqavilə imzalandı - Rəsmi

İspaniya Kral Futbol Federasiyası (RFEF) “qırmızı qəzəb”in baş məşqçisi, ispan mütəxəssis Luis de la Fuente ilə müqavilsini yeniləyib.

Arena.az bu barədə İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilə 2028-ci ilin iyul ayının sonuna qədər qüvvədə olacaq.

Xatırladaq ki, Luis de la Fuente İspaniya yığmasının sükanı arxasına 2022-ci ilin dekabr ayında gətirilib. İspan mütəxəssis bu vəzifədə həmvətəni Luis Enrikeni əvəzləyib.

De la Fuente təyinatından sonra yığmanın tərəqqisinə nail ola bilib. 2023-cü ildə İspaniya yığması UEFA Millətlər Liqasının finalında Xorvatiya yığmasını penaltilər silsiləsində məğlub edərək (əsas vaxt – 0:0, penaltilərlə – 5:4) yarışın qalibi olmuşdu.

İspaniya yığması ötən il Almaniyada keçirilmiş Avropa çempionatında (AÇ-2024) da meydana çıxdığı 7 oyunun hamısında qələbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempion olub. Bununla da Luis de la Fuentenin “qırmızı qəzəbi” mütləq rekord müəyyənləşdirib.

İspaniya yığması AÇ-2024-ün qrup mərhələsinin “B” qrupunda Xorvatiya (3:0), AÇ-2020-nin qalibi İtaliya (1:0), Albaniya (1:0), 1/8 finalda Gürcüstan (4:1), 1/4 finalda yarışın ev sahibi Almaniya (əlavə vaxtda 2:1, əsas vaxt 1:1), yarımfinalda DÇ-2022-nin finalçısı Fransa (2:1) yığmaları üzərində qələbələri sıralayıb. Finalda isə Luis de la Fuentenin İspaniyası AÇ-2020-nin finalçısı İngiltərə yığmasını məğlub edib – 2:1.

De la Fuentenin rəhbərliyi altında “qırmızı qəzəb” bütövlükdə 29 oyuna çıxıb, 25 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət yaşayıb. Topların fərqi isə 79:24 nisbətindədir.

63 yaşlı mütəxəssis daha öncə “Portuqalete”, “Aurrera”, “Atletik”, “Alaves” kimi komandalara, həmçinin İspaniyanın U-19, U-21 və U-23 yığmalarına da rəhbərlik edib.

Seçilən
9
arena.az

1Mənbələr