Tesla, Avropa İttifaqının (Aİ) Çindən idxal edilən elektrik avtomobillərinə tətbiq etdiyi tariflərə qarşı Avropa Məhkəməsində iddia qaldırıb.
Operativ Media xəbər verir ki, bu barədə “Financial Times” Avropa Məhkəməsinin sənədlərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, oxşar iddialar daha əvvəl Almaniyanın Bayerische Motoren Werke AG (BMW), eləcə də Çin avtomobil istehsalçıları BYD Co., Geely Automobile Holdings Ltd. və SAIC Motor Corp tərəfindən də irəli sürülmüşdü.
Aİ keçən ilin oktyabrında Çin istehsalı olan elektrik avtomobillərinə 35,3%-ə qədər anti-subsidiya tarifləri tətbiq etmişdi. Bu qərar, Pekinin rəqabətə zidd subsidiyalarla yerli istehsalı artırdığına dair araşdırmadan sonra verilib.
Lakin əlavə araşdırmalar Tesla-nın Çin hökumətindən ən az dəstək alan şirkət olduğunu müəyyən etdikdən sonra, Tesla üçün bu tarif 7,8%-ə qədər endirilib.