AZ

TƏZƏDƏN DOĞULUR ŞAİR ÖLƏN GÜN

Adil Babayev-100

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, Naxçıvan ədəbi mühitinin yetirməsi olan Adil Babayevin bədii yaradıcılığı öz məzmunu,  fikir dərinliyi, ictimai əhəmiyyəti və sənətkarlığı ilə həmişə diqqət mərkəzində olmuşdur. Adil Babayev yaradıcılığının ayrı-ayrı dövrlərində bədii ədəbiyyatın müxtəlif növlərinə müraciət etsə də, ən çox istedadlı sonet  şairi kimi tanınıb, şöhrətlənmişdir. Şairin lirikasını bir küll halında nəzərdən keçirdikdə  görürük ki, vətən torpağının gözəlliyi, dünyada baş verən fərəhli və nisgilli hadisələr, fəsillərin özünəməxsus çalarları, insanlar, onların taleyi, mənəvi aləmi bu kövrək qəlbli şairin qəlbini ehtizaza gətirmişdir. Şair vətəni qarış-qarış gəzib, ürəyinin məhəbbətini, qəlbinin hərarətini “ana yurdun gül nəfəsli torpağı”na qatmışdır. O, vətəndən uzaqda olanda da xəyalən ana torpaqdan ayrılmamış və bunu bədii dillə belə ifadə etmişdir:

Gəzib dolansam da bütün dünyanı,
Bir an unutmaram Azərbaycanı.
Qoy vətən sevgisi şeirimin canı,
Kağızım ellərin ürəyi olsun.

Şairin vətən mövzusunda yazdığı gözəl şeirlərindən biri də “Səyyah gəzir yurdumu” şeiridir. Bu şeirində isə xaricdən gəlmiş səyahətçini Azərbaycan mədəniyyətinin böyüklüyü heyran qoyur. Onun heyrət dolu sorğularına cavab verən şairin qəlbi isə iftixar, qürur hissilə döyünür:

Doğrudan da sayca azıq,
Ancaq tarix tanımır bizi miskin və yazıq.
Bir Füzulim çalanda könlümün rübabını,
Min-min şair utanıb yandırıb kitabını.

Gördüyümüz kimi, vətənpərvərlik və xəlqilik Adil Babayevin yaradıcılığında özünəməxsus biçimdə, fərdi poetik xüsusiyyətləri ilə meydana çıxır.Həqiqətən də Adil Babayev vətənə, xalqa bağlı şairdir. Şairin elə bir şeiri yoxdur ki, orada Azərbaycan torpağının isti nəfəsi yüksək poeziya dili ilə, bədii şəkildə əks olunmasın. Şair nahaq yerə deməyib ki, “məni axtaranda bu torpaqda axtarın, çünki bu torpağın hər qarışında, meşəsində, dağında, daşında qəlbimin bir parçası var” .

Adil Babayevin lirikasında müharibə mövzusu ayrıca yer tutur. Şübhəsiz ki, Böyük Vətən Müharibəsi iştirakçısı olan, müharibənin dəhşətlərini öz gözlərilə görən şair bu mövzuya biganə qala bilməzdi. O dövrü bədii sözlə kəşf edən şairin müharibəyə həsr etdiyi şeirləri “Ağır illər” silsiləsi başlığı altında toplanıb. Bu silsilədən olan “İtən uşaqlığım”, “Mənim günahım”, “Üzüm salxımı”, “Atasız atalar”, “Toy”, “Poçtalyon” və s. şeirləri ən yaxşı incilərdəndir. Bu şeirlərin hər biri müharibənin törətdiyi dəhşətli faciələri bizim gözlərimiz qarşısında canlandırır.Bu mənada şair “Əsgər çəkmələri” adlı şeirində sanki ürək yandıran bir hekayə danışır. Şeirdə ağır illərin sınaqlarına məruz qalan uşaq bazardan özünə ayaqqabı axtaran zaman gözləri bir cüt əsgər çəkmələrinə zillənir. O, uşaq sevinci ilə çəkmələrə doğru getdikdə dəhşətli bir mənzərə ilə qarşılaşır:

Çəkmələr özününmüş... ayaqları kəsilmiş,
Gərəksiz çəkməsini indi satmağa gəlmiş,
Ucuz satıram, oğlan! Götür, əlim gəlmədi,
Geri döndüm o axşam ürəyim dincəlmədi.

Gördüyümüz kimi, bu adi bir şeir deyil, ayağı kəsilmiş əsgərin dərdi və bu dərddən od alan bir ürəyin fəryadıdır. Şair əsgərin ürək ağrılarını öz qəlbində yaşamış və bütün sətirləri ürəyinin odu ilə isidib vərəqlərə köçürmüşdür.

Adil Babayevin lirikasında ictimai-siyasi mövzulara da tez-tez rast gəlirik. Şairin siyasi mövzuda yazdığı şeirləri “Kosmik düşüncələr” adı altında toplanmışdır. Böyük türk şairi Nazim Hikmətə həsr etdiyi “Ümidsiz deyiləm”, “Bir cavanın yadigarı”, “Rəngli yuxular”, “Pirosmanı”, “Alimlər düşünür”, “Neruda dəfn olundu” və s. şeirləri siyasi lirikanın qiymətli incilərindəndir. Adil Baba­ye­vin siyasi mövzuda yazdığı əsərlərin səciyyəvi xüsu­siyyəti ondadır ki, burada insanlığa fəlakət gətirən imperializm, maddi və mənəvi əsarət hərisləri ifşa olunur. Şairin təsvir etdiyi qəhrəmanlar vətənini azad görmək, öz dilini, mədəniyyətini inkişaf etdirmək uğrunda mübarizə aparırlar. Müstəmləkəçiliyi ifşa edən “Rəngli yuxular” şeirində də qəsbkarlar ifşa olunur:

Yuxuya verib daşıdılar
neçə yurdun varını,
Yandırdılar meşələrini
qurutdular çaylarını.
Yuxuda cənnət vəd eyləyib
boğazından çıxartdılar tikəsini,
Zərli saraylara qonaq çağırıb
Kəsdilər haqq deyən səsini.

Şairin poeziyasında siyasi lirika sadəcə ictimai motivlərdən ibarət olmayıb, mübariz və döyüşkən ruhu ilə də diqqəti cəlb edir.

“Hər gülün yarpağında şeir görən, hər bulaq səsindən nəğmə dinləyən, əslində “sənəti həyat yaradır fikri ilə yurdunun sal daşlarında yerini tapan, yazılmamış şeirlərinin ünvanını ana şəfqətində axtaran Adil Babayev  təbiət haqqında da gözəl şeirlər yazmışdır. Şair “Naxçıvan”, “Kaş bir də”, “Dəniz sahilində”, “Azərbaycan”, “Tarımın sarı simi” və s. şeirlərində vətənin gözəl, təkrarsız mənzərələrini özünəməxsus bədii boyalarla, rəssam  həssaslığı ilə gözlərimizin qarşısında canlandırır. Azərbaycanın, doğulduğu Naxçıvan torpağının sözlə rəsmini çəkir, xeyli coğrafi adlar sadalayır:

Mən-Batabat yaylağında bitən güləm,
Mən-Haçadağdan əsən səhər yeliyəm.
Gəmiqayanın bir parçası, Əjnövürün qarıyam.
Mən-Naxçıvanın Bakıya, Laçına, Təbrizə gedən yoluyam.

Şair Naxçıvana məxsus səciyyəvi poetik detallarla oxucusunun diqqətini cəlb edir. Bu yerləri görməyən, gəzməyən oxucuda belə bu torpağa qarşı məhəbbət oyadır. Şair-publisist Flora Xəlilzadənin fikrincə isə: “Azərbaycan məhəbbəti, yurd sevgisi, doğma vətənin tərənnümü şairin bu şeirində elə sözlərdən biçilib, elə kəlmələrdən libas geyib ki, müəllifin poetik düşüncələrində, hiss və duyğularında qəribə bir can yanğısı duyulur” .

Adil Babayevin lirikasında məhəbbətin tərənnümü geniş yer tutur. Bu lirikanın bədii qüdrəti insan qəlbinin duyğu və həyəcanlarını, insan gözəlliyini böyük sənətkarlıqla vəsf etməsindədir. Şairin məhəbbət şeirləri içərisində həsrət, ayrılıq və bunlardan doğan iztirab motivləri güclüdür:

Səndən ayrı düşəli, həsrətim dəniz oldu,
Min adamın içində könlüm kimsəsiz oldu.
Alovlanan qəlbimi hər an dustaqda gördüm,
Mən eşqimin gücünü səndən uzaqda gördüm

Adil Babayevin lirikasının əsas  hissəsini onun sonetləri təşkil edir. Azərbaycan poeziyasında sonet janrına sistemli şəkildə yanaşan, onun gözəl nümunələrini yaradan, bu janra ədəbiyyatımızda tam vətəndaşlıq hüququ qazandıran Adil Babayev olmuşdur. Onun sonet kimi çətin janra müraciəti həyat hadisələrinə daha dərindən nüfuz etmək, müşahidələrini və düşüncələrini aforizm şəklində söyləmək üçün sonetin verdiyi bədii imkanlardan faydalanmaq arzusu ilə izah olunmalıdır. Doğrudan da, sonetlərində şairin müdrikliyi diqqəti cəlb edir.

Adil Babayev 1949-cu ildə ilk sonetini yazmış və bu sonet “Gənclik illəri” (1950) kitabında verilmişdir. Sonuncu soneti isə 1977-ci ilin avqust ayında yazdığı “Həyatımla çırpınır dərd-azar neçə vaxtdır” sonetidir.  1968-ci ildən başlayaraq şair mütəmadi olaraq bu janrda qələmini sınamış və elə ilk sonetində də kamil sonetçinin sənətkarlıq məharəti özünü göstərmişdir. Nümunə üçün ilk sonetlərindən birinə diqqət yetirək:

İnsan gəlir dünyaya, yaşayır, bir gün köçür,
Sağ ikən ölən də var, ölüb sağ qalan da var,
Günlərin əllərindən gah şirin şərbət içib,
Gah acı zəhər içir dünyada yaşayanlar.

Bu sonetində şair ölüm və yaşamağın dialektik mahiyyətini açır, fəlsəfi cəhətdən səciyyələndirir. Adil Babayevin nəzərində “ölüm müdhiş deyil, yaşamaq çətindir”, gərək elə yaşayasan ki, öləndən sonra da ölməz nəğmələr kimi əbədiyyətə qovuşasan. Bu xoşbəxtlik isə hamıya nəsib olmur. Bunun üçün xalqa, vətənə, insanlara təmənnasız xidmət etmək lazımdır.

Adil Babayevin yaradıcılığında yurd, vətən sevgisi təkcə onun lirikası ilə məhdudlaşmır. Şairin bütün əsərlərinin ana xəttini bu mövzu təşkil edir.

İlk yaradıcılığa şeirlə başlayan Adil Babayevin  kiçik hekayələr yazması da təsadüfi deyildir. Çünki kiçik həcmli hekayələrin yazıçı təxəyyülündən, yazıçı didaktikasından xəbər vermək, insanların nəcibliyindən, təmizliyindən, müqəddəslik timsalına çevrilməsindən söz açmaq imkanı verir. Adil Babayev hekayə janrına da müraciət edib. 15 hekayə müəllifi olan Adil Babayevin hekayələri ölümündən sonra nəşr edilən  “Ata sorağında” (1985) adlı kitabında toplanmışdır. Müəllifin 14 hekayəsi bu kitaba daxil edilmiş, biri isə “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuşdur.

Azərbaycan ədəbiyyatında poema janrının inkişafında Adil Babayevin də öz yeri var. Yaradıcılıq etibarilə daha çox lirik olan Adil Babayev epik əsərlər də yazmışdır. O, poemalarında həyat hadisələrini poetik lövhələrlə canlandıra bilmişdir.  Əlbəttə ki, Adil Babayevin gərgin zəhmət və axtarışlardan sonra bu janra müraciət etməsi onun istedadının yetkinliyinin nəticəsidir.Şairin poemalarını janrlarına görə iki qrupa bölmək olar: epik və dramatik, mövzu etibarıiləsə, müharibə həqiqətlərinin təsviri, tarixi şəxsiyyətlərin taleyi və ailə, məişət mövzulu əsərlər kimi də qruplaşdırmaq olar.

Tarixi mövzuda yazdığı “Memarın məhəbbəti”, “Yanıqlı gülüşlər”, “Eloğlumun poeması”, “Qartal qanadlarında”, “Babəkdən sonra” poemalarında Azərbaycan xalqının elm və mədəniyyətinin tərəqqisində böyük rol oynamış görkəmli şəxsiyyətlərin həyat yolundan söz açır.

Şair, tərcüməçi, teatrşünas kimi fəaliyyət göstərən Adil Babayevin yaradıcılığında dramaturgiya da mühüm yer tutur. O, şeirlərində, poemalarında ifadə etdiyi, lakin şərhinə geniş ehtiyac duyduğu həyat həqiqətlərini dram dilinə çevirmişdir. Yaradıcılığının ilk dövrlərindən başlayaraq o, dram janrına müraciət etmiş, onun bir sıra qiymətli nümunələrini yaratmışdır. Ədibin 10-dan artıq dram əsəri vardır ki, bunların əksəriyyəti teatrlarımızın səhnələrində oynanılmış, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Bir yarımçıq pyesi isə əlyazma şəklində ədibin şəxsi arxivində saxlanılır. Adil Babayev dramaturgiyaya müharibədən sonra başlamış, 1947-ci ildə ilk dəfə bir pərdəli “Doğru yol” adlı pyesini, 1948-ci ildə “Dağlar qoynunda” librettosunu, 1952-ci ildə isə “Həyat eşqinə” pyesini yazmışdır.

50-ci illərdə radio verilişləri üçün yazdığı dramatik səhnələr, opera mətnləri, ssenarilər (“Əlin cibində olsun”, “Şeytanın yubileyi” və s.) Adil Babayevin dramaturgiyasının əsas məhsulları sayılır. O, bir-birinin ardınca opera teatrları üçün librettolar da yazmış (“Dağlar qoynunda”, “Qız görüşə tələsir” və s.) musiqili dram növlərinə daha çox meyl etmişdir.

Dram əsərlərində o, müasirlərini düşündürən, cəmiyyəti narahat edən mühüm, zəruri məsələlərdən, vacib hadisə və faktlardan, bəzən də ümumbəşəri problemlərdən bəhs etmişdir. Xalqın azadlıq mübarizəsi, işğalçı və ədalətsiz müharibələrə qarşı etiraz, mövhumat və cəhalətin tənqidi, yüksək, təmiz məhəbbətin tərənnümü, inqilabdan sonrakı həyatın təsviri Adil Babayevin dramaturgiyasının başlıca mövzularıdır.

Bildiyimiz kimi, xalqlar arasında dostluq əlaqələrinin möhkəm­lən­mə­sində, ədəbiyyatlarımızın qarşılıqlı təsir yolu ilə zənginləşməsində müstəsna rol oyanayan bədii tərcümə sənətinin Azərbaycanda qədim kökləri, zəngin ənənələri mövcuddur. Bədii tərcümənin əvəzsiz ustadları olan Abasqulu ağa Bakıxanov, Firudin bəy Köçərli, Abbas Səhhət, Abdulla Şaiq, Rəsul Rza, Səməd Vurğun və başqaları görkəmli sənətkarların əsərlərini sevə-sevə, böyük ilhamla ana dilimizə tərcümə etmiş və bu sənətkarları bizə daha da doğmalaşdırmışlar.        Bədii tərcümənin rolunu və əhəmiyyətini yüksək qiymətləndirən Adil Babayev də bu sahədə bir sıra nailiyyətlər əldə etmişdir. Adil Babayevin tərcüməçilik fəaliyyətində Y.Osnos və V.Vinnikovun “Hind gözəli” (1959), Tsao Yuinin “Tufan” (1959), N.Dumbadzenin “Darıxma, ana” (1972), Şota Milorovanın “Tbilisi nəğməsi” (1961), M.Petrieskunun “Ölümünü görmüş insan” (1973) əsərləri mühüm yer tutur.

O, bütün yaradıcılığı boyu bədii tərcümə ilə məşğul olmuşdur. 1971-ci ilin avqust ayından ömrünün sonunadək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi işləmiş və dünya xalqlarının bəzi şairlərinin əsərlərini də Azərbaycan dilinə tərcümə etmişdir.Böyük rus şairi Nekrasovun əsərlərini dilimizə Abdulla Şaiq, Osman Sarıvəlli, Mirmehdi Seyidzadə, Tofiq Bayram kimi istedadlı şairlər də tərcümə ediblər. Lakin Adil Babayevin N.A.Nekrasovdan etdiyi tərcümələr onun özünün tərcümə dəsti-xəttinə xas məziyyətləri ilə seçilir. “Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyasının 1989-cu il nəşrində Adil Babayevin Nekrasovdan etdiyi tərcümələrdən xeyli nümunələrin salınması da bu fikri təsdiqləyir.

Mütərcim bütün tərcümələrində orijinala məxsus əsas əla­mətləri qoruyub saxlamış, səlis dillə, şairanə misralarla Azərbaycan dilində canlandırmışdır. Bütün bu nümunələrdə Adil Babayev özünü poetik tərcümənin həssas ustası kimi tanıtmışdır.

Bildiyimiz kimi, əsassız ittihamlara məruz qalan Adil Babayev 1938-ci ildə anası Xeyransa xanımla Tbilisi şəhərinə köçmək məcburiyyətində qalmışdır. Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan dilli orta məktəbdə təhsilini davam etdirmiş, 1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun dil və ədəbiyyat ixtisasına  daxil olmuşdur.  Burada yaşadığı  üçün gürcü xalqının ədəbiyyatı, folkloru ilə lap uşaqlıq yaşların­dan tanış olmuşdur. Bəlkə elə buna görədir ki, gürcü xalqı onun yaradıcılığında xüsusi yer tutur. Gürcü şairi Qriqol Abaşidzenin “Dəniz və qaranquş”, Nodar Dumbadzenin “Darıxma, ana” kimi tarixi qəhrəmanlıq dramı­nın Azərbaycan dilinə tərcüməsinin və tamaşaya qoyu­lub müvəffəqiyyət qazanmasının əsas səbəblərindən ən başlıcası Adil Babayevin gürcü şair və yazıçılarına dərin və sonsuz məhəbbətidir. Gürcü dilini öz ana dili kimi bilən tərcüməçi hər iki xalqın tarixini, həyat və məişətini, adət-ənənəsini, müasir ədəbi dilini, canlı xalq danışıq dilini, hətta dialektlərini də bilir, orijinalda işlənən dolaşıq fikirlərə belə aydınlıq gətirir.

Onun tərcümələrini bir-bir nəzərdən keçirdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, o, tərcümə etdyi bütün sənətkarları dərindən öyrənmiş və qəlbdən duymuşdur. Bədii tərcüməni yaradıcılıq işi sayan Adil Babayev bütün varlığı, şairlik istedadı ilə bu işə bağlanmış və özünün tərcüməçilik ustalığını sübut etmişdir. Onun tərcümə sahəsində göstərdiyi xidmət Azərbaycan tərcümə ədəbiyyatı tarixinin ən qiymətli səhifələrindəndir.

XX əsrin ortalarında teatr sənətinin inkişafı yolunda səylə çalışan Azərbaycanın görkəmli mədəniyyət xadimləri arasında Adil Babayevin adı hörmətlə çəkilir. Teatra böyük həvəs göstərən Adil Babayev Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq ixtisasına daxil olmuşdur. Teatrı, səhnəni bütün dərinliyi ilə öyrənmək üçün o, AMEA-nın İncəsənət və Layihə İnstitutunun aspirantı olmuşdur. Teatra olan böyük marağı onun gələcək yolunu müəyyənləşdirmişdir. Belə ki, o, Məşədi Əzizbəyov adına Akademik Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışmışdır.

Teatrı hünər və istedad meydanı adlandıran Adil Babayev təkcə məqalə və çıxışlarında deyil, bədii əsərlərində də teatrın böyüklüyü, səhnənin müqəddəsliyi fikrini irəli sürmüşdür. Onun müxtəlif illərdə yazdığı “Dağlar qızı”, “Mənim məhəbbətim”, “Yarımçıq şəkil”, “Qız görüşə tələsir”, “Ən xoşbəxt adam”, “Qaçqınlar” və s. əsərləri, eləcə də tərcümə etdiyi “Hind gözəli”, “Tufan”, “Tbilisi nəğməsi”, “Darıxma ana”, “Ölümünü görmüş insan” pyesləri teatr sənətimizin inkişafında böyük rol oynamışdır. Bu əsərlər Bakıda, Gəncədə, Ağdamda, Sumqayıtda, Naxçıvanda, Tbilisidə və başqa şəhərlərdə müxtəlif quruluşda tamaşaçılara göstərilmişdir.

Adil Babayev  həm də teatr sahəsinə aid bir neçə kitabların müəllifidir. 1959-cu ildə yazdığı “Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı” adlı kitabında bu teatrın yaradıcılıq fəaliyyəti, aktyor və rejissorların sənətkarlıq məharəti aydın ifadəsini tapmışdır.Həmçinin teatrın yaradıcılıq cəhətdən püxtələşməsində ciddi rol oynamış sənətkarlardan – Lütvəli Abdullayev, Leyla Bədirbəyli, Ağahüseyn Cavadov və başqalarının səhnə fəaliyyətindən bəhs edən əsərlər yazmışdır.

Həqiqətən də bu cür ciddi zəhmət, gərgin elmi axtarışların nə­ti­cəsi olan, teatrşünaslıq məsələlərinə həsr olunmuş  kitab və məqalələri onun milli teatr tariximizin yorulmaz tədqiqatçı olduğunu bir daha sübut edir. Yazıçı-pu­b­li­sist Əfqan Əsgərovun təbirincə desək, Adil Babayev Azərbaycan teatrşünaslığının əsasını qo­yan­lardan biri olmuşdur.

Adil Babayev fenomeni yalnız şairliklə və dramaturgiya ilə tamamlanmır. Bu fenomenlə bağlı sənət yolunda şairliklə publisistikanın vəhdətini görürük. Adil Babayevin publisistikası onun poeziyasında irəli sürülən mətləblərin publisist dillə daha operativ və həyati faktlar zəminində ifadəsi baxımından diqqətəlayiqdir.

O, poeziyasında olduğu kimi, publisistikasında da təsadüfi mövzulara üz tutmamış, ilk növbədə diqqəti taleyüklü məsələlərə yönəltmişdir. Onun publisistikasında öz ifadəsini tapan mövzular sənətkarlıq həssaslığından irəli gəlməklə dövrün, zamanın aktual problemlərinə şair münasibətinin əks-sədası kimi üzə çıxır. Poeziyasında olduğu kimi, onun publisistikasında da vətən və insan sevgisi ön planda dayanır. Bu mənada, Adil Babayevin bədii yaradıcılığı ilə publisist fəaliyyəti üzvi vəhdətdədir.

O, yaradıcılığının ilk dövründən, ədəbi mühitə ilk qədəmindən mətbuatla yaxından bağlı olmuşdur. “Sovet Gürcüstanı”(1943-1945) qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmiş, “Kommunist” (1945-1946) qəzetində ədəbi işçi, tərcüməçi işləmiş  , “Şərq qapısı” (1946) qəzetində əvvəlcə korrektor, sonra isə poeziya şöbəsinin müdiri, “Azərbaycan pioneri” (1947-1949) qəzetində tərcüməçi,1949-1952-ci illərdə “İnqilab və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalında poeziya şöbəsinin müdiri, Azərbaycan Dövlət Nəşriyyatında (1956-1964) bədii ədəbiyyat şöbəsinin redaktoru, “Ədəbiyyat və incəsənət” (1964-1971)  qəzetində tənqid şöbəsinin müdiri, məsul katib, baş redaktorun müavini işləmişdir.

Yaradıcılığı boyu mətbuatla bağlı olan Adil Babayev qəzet işçisinin diqqətli, həssas, yüksək elmi biliyə malik olmasını, dilin lüğət tərkibinin qrammatik qayda-qanunlarını da dərindən bilməyi vacib şərt saymış, hətta bədii əsərlərində də mətbuatın əhəmiyyətindən dönə-dönə bəhs etmişdir.

İstər müəllifin öz məqalələrində, istərsə də dövri mətbuatda müasirlərinin onun haqqında yazdıq­larından oxuyuruq ki, Adil Babayev bir şair kimi şöhrətlənsə də, mətbuat aləmində də öz aktual, elmi publisist məqalələri, resenziyaları ilə də tanınmışdır.

Ümumiyyətlə, Adil Babayevin  bütün əsərlərində  ötəri, keçici hisslər, duyğular deyil, həyatın acısını, şirinini dadmış, onun sınaqlarında bərkimiş, hər cəhətdən kamilləşmiş bir İNSANın ürək  döyüntüləri eşidilir. Onun fikrincə, insan o vaxt xoşbəxt ola bilər ki, o, öləndən sonra da xatırlana, əsərləri oxuna. “Təzədən doğulur şair ölən gün” şeirində  yazdığı kimi:

Təzədən doğulur şair ölən gün
O gündən başlayır  təzə həyatı.
Ya düşür yoluna ölümsüzlüyün,
Ya da unudulur biryolluq adı.

Həqiqətən də Adil Babayevin kövrək duyğularını əks etdirən lirik şeirləri, dünya, zaman və insan haqqında fəlsəfi dü­şün­­cələrdən yoğurulmuş sonetləri, müxtəlif mövzu­lar­­da, rəngarəng biçimlərdə qələmə aldığı poemaları, dram­ları, hekayələri, yaşadığımız günlərin ovqatını həs­­sas qələmlə canlandıran publisistikası, söz sənəti­mi­zin ayrı-ayrı problem və şəxsiyyətləri barədə ədəbi-tən­qidi məqalələri, dünya klassiklərindən seçmə nü­mu­­nələrin dilimizdə yüksək ustalıqla səslənməsinə şərait yaradan tərcümələri, Azərbaycan teatrşünaslığı sa­hə­sindəki əvəzolunmaz xidmətləri onu heç vaxt unudulmağa qoymaz.

Aypara Behbudova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Seçilən
3
15
ikisahil.az

10Mənbələr