Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyində Türkiyənin "Gənc ürəklər" jurnalının Azərbaycan ədəbiyyatına həsr edilmiş buraxılışının təqdimatı keçirilib.
Tədbirdə "Gənc ürəklər" jurnalının şöbə müdiri Cem Arslan da iştirak edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonağı və tədbir iştirakçılarını salamlayıb.
"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində "Ulduz" jurnalının sentyabr buraxılışı "Gənc ürəklər" jurnalının təşəbbüsü ilə Türkiyə ədəbiyyatına həsr edilib. Qarşılıqlı əməkdaşlıq nəticəsində "Gənc ürəklər" jurnalının dekabr-yanvar-fevral sayında da "Ulduz" jurnalının təqdimatı ilə Azərbaycan ədəbiyyatına yer ayrılıb.
"Gənc ürəklər" jurnalının şöbə müdiri Cem Arslan Azərbaycan dilinə, ədəbiyyatına sonsuz məhəbbətini ifadə edib. Əsərlərin Türkiyə türkcəsinə uyğunlaşdırılmadığını bildirən Cem Arslan, türkiyəli oxucuların Azərbaycan türkcəsində nəşr edilmiş əsərləri maraqla qarşıladığını vurğulayıb.
Çıxış edən Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq yazıçısı Çingiz Abdullayev, sədr müavini Rəşad Məcid, katib Elçin Hüseynbəyli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli, yazıçı Seyran Səxavət, şair Rəsmiyyə Sabir layihə haqqında müsbət fikirlərini bildirərək, belə layihələrin davamlılığının vacibliyini söyləyiblər.