AZ

Qazaxın deputatı azad edilən 4 kəndin hazırkı vəziyyətindən DANIŞDI

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında aparılan sonuncu delimitasiya işləri nəticəsində Qazax rayonu istiqamətində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun işğaldakı 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycana qaytarılması təmin edilib.
Həmin kəndlər 24 may 2024-cü il tarixində Azərbaycana təhvil verilib.

Bəs hazırda həmin kəndlərdəki son durum necədir? 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Qazaxı təmsil edən deputatı Səməd Seyidov bildirib ki, o işğaldan azad olunmuş 4 kəndi ziyarət edib:

"Qazaxın millət vəkili kimi qürur duyuram ki, cənab Prezidentin Yeni il müraciətində Qazaxın işğaldan azad edilmiş 4 kəndi barədə konkret olaraq fikir bildirilib. Həmin 4 kənd faktiki olaraq 30 il müddətində işğalda olsa da, bir güllə atılmadan azad edildi. Bu kəndlərin qaytarılması Ermənistanın xoş niyyəti deyildi, Azərbaycan tərəfinin yaratdığı yeni reallıqların bir nəticəsidir. Bu reallıqlarla hesablaşmaq lazımdır. Azərbaycanın bir qarış torpağı işğalda qalmayacaq. Əminəm ki, qarşı tərəf bunu yaxşı başa düşür. Həmin kəndlərdə təbii ki, olmuşam. Ora getmək üçün xüsusi icazə lazımdır. Ona görə ki, minalanmış sahələr çoxdur. Buna görə də Dövlət Sərhəd Xidməti, icra hakimiyyətimizin nümayəndələri, müvafiq strukturların himayəsi ilə hər bir kəndimizi qarış-qarış gəzdik. Həm Ordumuzla, həm Ali Baş Komandanımızla fəxr etdik. Mən sizə deyim ki, bu 4 ərazi Qazaxın ən gözəl kəndləridir. Orada mən şəkillər də çəkdirdim. O kəndlərdən Göyəzənə, Odundağına baxanda xüsusi hisslər keçirirdim. Biz həmişə Odundağında ən yüksək zirvəyə qalxaraq, işğal olunan kəndlərimizə baxırdıq və "nə vaxtsa oraları qaytarcağıq" deyirdik. Bu yaxınlarda Ermənistan və Azərbaycan baş nazir müavinlərinin yeni görüşü oldu. Əminəm ki, delimitasiya və demarkasiya prosesi davam edəcək və Azərbaycan hökuməti növbəti  addımlar atacaq. Çünki Azərbaycanın yaratdığı reallıqları heç kəs görməzdən gəlmək iqtidarında deyil".

S.Seyidov görülən işlərdən də danışıb:

"Gələcəkdə tikinti işlərindən sonra oralar ən gözəl kəndlərə çevriləcək. Azad olunmuş kəndlərdən köçkün düşənlər uzaqda deyil. Onlar Qazaxın digər ərazilərində yaşayırlar. Biz uzağa getməmişik, sadəcə geri çəkilmişik. O ailələr geri qayıtmağa hazırdılar və proseslərin hansı istiqamətdə getdiyini bilirlər. Orada evlər də tikiləcək, bərpa işləri də görüləcək. Proseslərin hamısı başlayacaq. Büdcədən artıq bununla əlaqədar maliyyə ayrılıb. Əminəm ki, bu kəndlər ən yüksək səviyyədə Azərbaycanın gözəl guşələrinə çevriləcək. Qazaxın digər kəndləri kimi, bu 4 kənd də yüksək şəkildə inikşaf edəcək. Başqa işğalda qalmış kəndlər də var. Onlar da mütləq azad ediləcək. Biz Azərbaycan Prezidentinin apardığı siyasətə güvənirik.
Dediyimi kimi, həmin kəndlərin sakinləri Qazaxın digər ərazilərində yaşayırlar.  Biz onların istək və arzularına, fikilərinə diqqətlə yanaşırıq. O cümlədən icra hakimiyyəti də hər bir müraciətə həssaslıqla yanaşır. Heç bir ailə kənarda qalmır.  Mən srağagün Qazaxdan qayıtmışam, orada görüşlər keçirmişik. Mən bilirəm ki, ən əsası dövlət tərəfindən həmən kəndlərin insanlarına xüsusi diqqqət və qayğı var".

Seçilən
4
8
modern.az

10Mənbələr