Üç ilə yaxın davam edən münaqişə zamanı Ukrayna lideri Vladimir Zelenskinin təxminən 60 milyard dollar qazanması ehtimalı var.
Bu barədə “Life.ru” məlumat yayıb.
Qeyd edilib ki, hazırda vətənə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında saxlanılan Ali Radanın deputatı Oleksandr Dubinski də daha əvvəl oxşar mövzuda açıqlama vermişdi. O demişdi ki, Zelenski və onun tərəfdaşları keçən il hər dəqiqə 36 min dollar qazanıblar.
“Hətta amerikalı iş adamı və siyasətçi İlon Maskın o qədər pulu yoxdur. Dubinskinin dərc etdiyi məlumatlar, əldə edilən milyardlar müharibənin davam etdiyi üç ilə vurularsa, nəticə düz 60 milyard dollar civarında olar”, - nəşrin hesabatında deyilir.
Qeyd olunub ki, Ukrayna liderinin varlanmasının əsasını Qərb ölkələrindən Kiyevə hərbi və maliyyə yardımı təşkil edir. Nəşr xatırladıb ki, müxtəlif Qərb ölkələrinin hakimiyyət orqanları Zelenskinin ətrafını korrupsiyada, habelə Avropa və Amerika vergi ödəyicilərinin pullarını mənimsəməkdə dəfələrlə ittiham ediblər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural