AZ

"Şəhid yadigarı": "Atama ehtiyacım var...Kaş həmişə yanımda olardı"

Asim İsayevin hələ 8 yaşı olarkən atası Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu gün onun atasının – Gizir Sənan İsayevin şəhid olduğu zirvə öz adını daşıyır.

 

AzEdu.az Təhsil Portalı olaraq dəfələrlə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində təhsil alan “Şəhid yadigar”ları ilə silsilə müsahibələr alıb, onların arzuları, gələcək hədəflərini öyrənib, Vətənə fəda etdikləri ailə üzvlərinin xatirələrini yad edib.

 

Asim İsayev Azərbaycan Universitetinin politologiya ixtisasının III kurs tələbəsidir.

 

“Şəhid yadigarı”mızı daha yaxından tanıyaq...

 

-Mən, İsayev Asim Sənan oğlu 11 iyul 2006-cı ildə Şabran rayonu Ağbaş kəndində anadan olmuşam. Birinci sinfə elə həmin kənd məktəbində getmişəm. Sonralar şəhərə köçdüyümüz üçün təhsilimi orada davam etdirmişəm. Məzun olduqdan sonra ali məktəbə ixtisas seçimi zamanı həm universiteti, həm də ixtisası öz istəyimlə seçmişəm. Hazırda Azərbaycan Universitetinin politologiya ixtisasının II kurs tələbəsiyəm. Gələcəklə bağlı bir çox xəyalım var. İlk növbədə təhsilimi daha da inkişaf etdirməyi hədəfləyirəm.

 

-Sizi tanıdığıma şad oldum. Asim bəy, gələcəkdə xaricdə yoxsa, Azərbaycanda təhsil almaq istəyirsiniz?

 

-İxtisasımı çox sevirəm. Məqsədim onu təkmilləşdirməkdir. Ona görə də məzun olduqdan sonra Amerikaya getmək, orada oxuduğum ixtisas üzrə təhsilimi davam etdirmək istəyirəm. Karyerada isə uğurlu olmaq üçün elə həmin ölkədə həmişəlik yaşamağı düşünürəm.

 

-Uğurlar arzu edirəm, əminəm ki, ən yaxşı politoloqlardan biri olacaq, ölkəmizi siyasi sferada uğurla təmsil edəcəksiniz.

 

­-Təşəkkür edirəm.

 

-Atanız şəhidlik zirvəsinə ucalanda sizin hələ 8 yaşınız var idi. Uşaqlıq xatirinizdə o necə qalıb?

 

- Atam Şəhid olduğu il mənim xatirələrimdə çox ağrılı-acılı günlərlə yadda qalıb. Hər gün atamın gələcəyini gözləyirdim. Anamın çəkdiyi əziyyətlər gözümün önündən getmir. Amma atamın şücaəti və qəhrəmanlığını  heç vaxt unutmuruq. Mənim atam qəhrəmancasına şəhid olub. Onun olduğu postda döyüş vaxtı basqın olmuşdu. Atam son nəfəsinədək döyüşsə də, sonda baş nahiyəsindən aldığı güllə yarasından həyata ömürlük gözünü yumdu... Bu gün şəhid olduğu post atamın adını daşıyır.

 

Hər zaman hiss edirəm ki, atama ehtiyacım var... Kaş həmişə yanımda olardı.

 

-Sizi başa düşürəm... Uşaqlıqdan bu qədər güclü olmağınız təqdirəlayiqdir.

 

-Bilirsiniz, atamız həyat çox ağır keçir. Onun yarası sağalmaz və unudulmazdır. Məni həyata bağlayan, hər addımımda yanımda duran, mənə gələcəyə ümidlə baxmağı öyrədən anama ömür boyu minnətdaram.

 

-Ananız çox güclü qadındır. İndiyə qədər həyatınızda yaşadığınız ən xoş xatirəniz nə olub? Bizimlə bölüşə bilərsiniz?

 

- Ən xoş xatirələrim anamla keçirdiyim vaxtlardır. Anam həmişə mənə gələcəyə ümidlə baxmağı öyrədir. Nə qədər dəyərli olduğumu xatırladır.

 

-Ailədə neçə övladsınız?

153999

- Biz üç qardaşıq. Böyük qardaşım Dövlət Sərhəd Xidmətində zabitdir. Mən onunla çox fəxr edirəm.

 

-Ailənizə çox bağlısınız. Bəs idealınız kimdir?

 

-Təbii ki, atam və anam.

 

-Qardaşlarınız arasında zahirən atanıza ən çox bənzəyən sizsiniz.

 

-Çox təşəkkür edirəm.

 

-Hər birimiz uşaq vaxtı nələrisə arzulayıb, özümüzü o mövqedə görmək istəmişik. Bəs sizin uşaqlıq arzunuz nə idi? Onu reallaşdıra bilmisiniz?

 

- Uşaqlıqdan arzum gələcəkdə sahib olacağım peşədə irəli getmək və mükəmməl həyat keçirmək olub. Bu arzum hələ ki, yerinə yetməyib amma gələcəkdə mütləq onu reallaşdıracam.

 

-İnanıram ki, bunu da bacaracaqsınız.

 

Atanızın döyüş yoldaşlarıyla münasibətləriniz var? Gəlib-gedirlər sizə?

 

- Dostları yox, amma dövlət nümayəndələri bayramlarda, özəl günlərdə bizləri yad edirlər.

 

-Dərsləriniz necədir? Hazırda semestr imtahanları bitir. Çətinlik çəkdiyiniz məqamlar var?

 

- İmtahanlarımdan yalnız 3-də iştirak edə bilmişəm. Təəssüf ki, anam əməliyyat olduğu üçün dərslərə daxil ola bilməmişdim. İnşallah ikinci semestrdən etibarən bütün dərslərimi öz yoluna qoyacam.

 

-Allah şəfa versin. Ananız indi necədir?

 

­-Çox sağ olun, indi vəziyyəti yaxşıdır.

 

-Yekun olaraq, bir sualımız da var. Atanızın şəhid olduğu əraziyə heç getmisiniz?

 

- Xeyr getməmişəm. Ora post olduğu üçün dövlət tərəfindən təhlükəsizlik baxımından getməyimizə icazə yoxdur. Amma çox istərdim ki, gedib görüm.

Seçilən
11
50
azedu.az

10Mənbələr