AZ

Mətləb Bağırov ifadə verdi: "Mənə pul lazım olanda..."

“SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mətləb Bağırov ifadə verib.

O, leqallaşdırma, yalançı sahibkarlıq və qaçaqmalçılıqla bağlı danışıb: "Mən 2003-cü ildən Rusiyada yaşayıram. Rusiyanın da vətəndaşıyam. İnter.az Rusiyada yaradılıb, 2007-ci ildə həmin media qurumunu almışam. Şirkətin əsli isə Rusiyada olub. İnter.az Azərbaycanla bağlı məlumat yaydığı üçün sonradan “SalamNews” informasiya agentliyini yaratdıq. İnter.az Azərbaycandan kənarda yayımlanıb. 2015-ci ildə Azərbaycanda da şirkət təsis olundu. Biz altı dildə xəbər yaymışıq. Hər gün yüzlərlə informasiya yayımlamışıq. Burada hansı yalançı sahibkarlıqdan söhbət gedə bilər?"

Qaçaqmalçılıq ittihamından danışan təqsirləndirilən şəxsin sözlərinə görə, ittihamda göstərilənlərlə heç bir əlaqəsi yoxdur: "Türkiyə vətəndaşı K.H. və N.K adlı şəxslərlə şəxsən tanışlığım yoxdur. Mən Azərbaycanda olmadığım üçün işləri T.X-yə tapşırmışam. Mənə pul lazım olanda T.X-dən istəmişəm. O da mənə göndərib. O, pulu necə göndərib, mənim bundan xəbərim olmayıb. N.K. T.X-nin tanışı olub. Pulu da onun vasitəsilə T.X. gətirib. Burada qaçaqmalçılıq cinayəti ola bilməz”.

Leqallaşdırılma ilə bağlı danışan təqsirləndirilən şəxs qeyd edib ki, xaricdə qazandığı pulların Azərbaycana gətirilməsi və xərclənməsi cinayət deyil: "Pulun leqallaşdırılması ilə bağlı əsaslar olmalıdır. Mən cinayət yolu ilə pul əldə etməmişəm. Digər tərəfdən pulun leqallaşdırılması üçün qara pulun yuyulması ola bilər. Bu da belədir ki, pulumu qara cibimdən götürüb ağ cibimə qoymuşam. Bir nəfər göstərsin ki, mənim qara və yaxud ağ cibim hansıdır?"

Seçilən
13
2
publika.az

10Mənbələr