Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamasına münasibət bildirərək bu mövzuda danışıqlar aparmayacaqlarını söyləyib.
Kaya Kallas, Aİ Xarici İşlər Nazirləri iclasından sonra keçirilən mətbuat konfransında, nazirlərin ABŞ ilə münasibətləri müzakirə etdiklərini bildirib. O, Tramp administrasiyasının sövdələşmə dilini mənimsədiyini və Aİ-nin bu şəkildə cavab verməsinin vacibliyini vurğulayıb. Kaya Kallas deyib: "Qrenlandiya məsələsində müzakirə aparmırıq. Təbii ki, üzv ölkəmiz Danimarkanı və onun muxtar bölgəsi Qrenlandiyanı dəstəkləyirik".
Qeyd edək ki, Donald Trampın ilk prezidentlik dövründə Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətlər pisləşmişdi və ABŞ prezidenti son seçki kampaniyası zamanı müdafiə, ticarət və digər mövzularda Aİ-yə qarşı narahatedici açıqlamalar vermişdi. Yanvarın 20-də vəzifəsinin icrasına başlayan Donald Tramp hələ də Aİ administrasiyası ilə rəsmi əlaqə saxlamayıb.
Donald Tramp Qrenlandiyanın ABŞ-ın nəzarəti altında olması ilə bağlı açıqlamasını təkrar edərək, adaya nəzarətin "tamamilə zəruri" olduğunu iddia edib.