Belarusda prezidenti bildirib ki, Paşinyan Qarabağı Azərbaycanın ərazisi olaraq tanımasını bəyan edəndə onlar Putinlə məəttəl qalıblar...
Politoloq: “Belarus daha çox Rusiya ilə müttəfiq dövlət olduğu üçün siyasi davranışlarını, addımlarını Rusiyaya uyğunlaşdırır və bu Moskva ilə məsləhətləşmələr çərçivəsində olur”.
“Hesab edirəm ki, bu bizim münasibətlərimizi zədələyəcək, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alacaq fikir deyil”.
Bu sözləri politoloq İlyas Hüseynov Belarus prezidentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.
Belarusda növbət dəfə prezident seçkilərinin qalibi elan olunan Aleksandr Lukaşenko bildirib ki, Paşinyan Qarabağı Azərbaycanın ərazisi olaraq tanımasını bəyan edəndə onlar Putinlə məəttəl qalıblar. Qeyd edək ki, anoloji bəyanatla dəfələrlə Putin və digər Rusiya rəsmiləri çıxış ediblər və belə bəyanatlarla əslində Azərbaycanın ərazi bütövlüyü mübahisə obyektinə çevrilir.
Belarus Azərbaycanın yaxın tərəfdaşı olaraq tanınır və Lukaşenkonun Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və mübahisə obyektinə çevirən açıqlama verməsini necə dəyərləndirmək olar?
Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.
İlyas Hüseynov: “Belaruslu ekspertlərə biz də öz səviyyəmizdə bütün bu proseslərin hansı nəticələr doğura biləcəyini və bu məsələnin hazırda siyasi gündəliyə müəyyən qədər zərbə vura biləcəyini də izah etməyə çalışacağıql”.
Cənab prezident İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında da çox sıx dostluq münasibətlərinin olduğunu xüsusi vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu da şübhəsiz, ikitərəfli və çoxtərəfli münasibətlərə təsir edir:
“Belarus dövlətində prezident seçkiləri keçirildi və bu növbədənkənar seçki idi. Əslində 2025-ci ilin ortalarında bu seçkilər keçirilməli idi. Mən hazırda Belarus Respublikasındayam və Minsk şəhərində seçkinin gedişini izləmişəm. Mərkəzi Seçki Komissiyasının toplantılarında, mətbuat konfransında olmuşam.
Belarus daha çox Rusiya ilə müttəfiq dövlət olduğu üçün siyasi davranışlarını, addımlarını Rusiyaya uyğunlaşdırır və bu Moskva ilə məsləhətləşmələr çərçivəsində olur. Bu baxımdan Moskvanın da dəfələrlə dediyi kimi Praqada Avropa Siyasi İcmasının toplantısında Ermənistanın Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıması bir qədər təəccüblə qarşılanmışdı.
Bu tezisin Lukaşenko tərəfindən təkrarlanması şübhəsiz ki, Minsklə Moskva ümimi siyasi normativini əks etdirir. Amma Belarus dövlət başçısının Azərbaycana münasibəti çox yaxşıdır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Həm Planes raketlərinin Azərbaycana satılmasında, həm də Azərbaycanın ərazi bütövlüyünü təmin etməsində Belarus Azərbaycanın yanında olub. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Şurası Ermənistan və Belarusu bir blokda birləşdirir, biz burada həm də Minskin Azərbaycanın, haqqın yanında olduğunu görmüşük.
Xüsusilə vurğulamaq lazımdır ki, cənab prezident İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında da çox sıx dostluq münasibətləri var. Bu da şübhəsiz ki, ikitərəfli və çoxtərəfli münasibətlərə təsir edir.
Hesab edirəm ki, bu bizim münasibətlərimizi zədələyəcək, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alacaq fikir deyil. Amma düşünürəm ki, belaruslu ekspertlərə biz də öz səviyyəmizdə bütün bu proseslərin hansı nəticələr doğura biləcəyini və bu məsələnin hazırda siyasi gündəliyə müəyyən qədər zərbə vura biləcəyini də izah etməyə çalışacağıq. Ekspertlər, millət vəkili səviyyəsində də münasibətlərin inkişafına dəstək verməyə hazırıq”.
Nərminə UMUDLU
Poliqon.info