28 yanvar – Fərdi Məlumatların Mühafizəsi Günü ilə əlaqədar, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov QHT.az-a verdiyi açıqlamada fərdi məlumatların qorunması məsələsinə diqqət çəkib. O bildirib ki, müasir internet texnologiyalarının inkişafı ilə fərdi məlumatların mühafizəsi ciddi problemə çevrilib.
Hüquqşünas qeyd edib ki, dünyada və Azərbaycanda, xüsusilə xaker hücumları, dövlət idarəetmələrində məlumatların qanunsuz ötürülməsi və satılması halları baş verir:
"Qanunvericilikdə məsuliyyət olsa da, praktikada fərdi məlumatların qorunması çətinliklərlə qarşılaşır. Təkcə Azərbaycanda deyil, qlobal səviyyədə, indi fərdi məlumatların bir çoxu internet informasiya resurslarında saxlanılır. Amma biz dəfələrlə şahidi olmuşuq ki, xaker hücumlarına məruz qalır, milyonlarla fərdi məlumat oğurlanır, satılır, yaxud da dövlət idarəetmə sistemlərində işləyənlər həmin məlumatları çəkir, ötürür, yəni götürürlər və sonra yayırlar və s. belə hallar baş verir".
O həmçinin şəxsi həyata müdaxilə məsələsinə də toxunaraq, küçələrdəki və fərdi şəxslər tərəfindən quraşdırılan müasir kamera sistemlərinin yaratdığı təhlükələri vurğulayıb:
"Ona görə də bu, təkcə fərdi məlumatlara aid deyil, həm də şəxsi həyata müdaxilə imkanları da genişlənib. Hər yerdə kameralar var, özü də indi bir növ. Biri var, mühafizə olunan dövlətin nəzarətində olan kameralar, bir də var fərdi şəxslərin quraşdırdıqları müasir kamera sistemləri ki, məsələn, öz mənzilində və ya ofisində yerləşdirib, amma bütöv küçəni müşahidə edə bilir. Ona görə də çox ciddi təhdidlər mövcuddur – fərdi məlumatlara və şəxsi həyata müdaxilə. Bu, qlobal səviyyədədir və indi süni intellektin inkişafı ilə bu problemlərin daha da dərinləşəcəyi gözlənilir".
Pərvanə Fərhadqızı