Fəxri VALEHOĞLU-HACILAR
tarix elmləri doktoru,
Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri
(əvvəli Bİ LİNKDƏ)
N.Şeyxzamanlı: “Bundan sonra Mahmud bəy bizim üzümüzə baxdı və biz də “Bəli, Mahmud bəy, əgər əmr etsəniz, gedərik”, dedik”. Bu minvalla Nağı bəy Şeyxzamanlı, Hüsaməddin bəy və Ömər Faiq Nemanzadə Mahmud bəy Əfəndiyevin vasitəsilə Türkiyəyə getməyə müvəffəq olmuşdurlar.
Qeyd olunanlardan və digər əlavə mənbələrdən Mahmud bəy Əfəndiyevin Birinci Dünya Müharibəsi illərində müəyyən dövrdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Batum şöbəsinərəhbərlik etdiyi bəlli olur.
1918-ci ildə Batum vilayətində 8 aylıq Osmanlı idarəçiliyi dövrünün qısa xülasəsi
Batum bölgəsi 3 mart 1918-ci ildə imzalanmış Brest-Litovsk sülh müqaviləsinə əsasən 40 ildən sonra Əlviyeyi-səlasənin digər 2 vilayəti – Qars və Ərdahan vilayətləri ilə birlikdə yenidən Osmanlının hakimiyyəti altına qaytarılmışdı. 14 aprel 1918-ci ildə Batuma ilk Osmanlı hərbi birlikləri daxil olmuşdu. O zaman Mahmud bəy həyat yoldaşıMahinur xanımla Batumda “Hilali-əhmər” (“Qızılay”) Cəmiyyətinin xəstəxanasında işləyirdi.
Türk əsgərləri ilə birlikdə Batuma gələnlər arasında həmin ərəfədə xarici jurnalistlər heyətinə rəhbərlik edərək Şimal-Şərqi Anadolu və Cənub-Şərqi Qara dəniz bölgələrini gəzib dolaşan Osmanlı darülfünununun professoru, tarixçi-yazar Əhməd Rəfiq (Altınay) da var idi. Bu gəlişi sırasında dr. Mahmud bəy Əfəndiyevin ailə üzvləri ilə görüşünü Əhməd bəy xatirələrində belə təsvir edirdi:
“Batum bənzərsiz, zərif, təmiz, sevimli və cəlbedici bir məntəqədir. Rus irfanı bütün gücü və nüfuzu ilə bu məkanı dəyişdirmişdir. Qoqol, Lermontov, Puşkin, Tolstoy vəDostoyevskilərin rus ruhuna təsirləri Batumda də özünü göstərir. Binalar, kilsələr, caddələr, evlər, qiyafətlər, ticarət malları, mağazalar hamısı rusdur. Müsəlmanlar arasında belə rus irfanınayaxınlaşanlar fikir və hiss baxımından yüksəlmişdilər; həyatı daha həqiqi şəkildə dərk edirdilər. Qiyafətlərinə düzən vermişdilər. Hətta onlar bu bilik və təsir sayəsində milliyyət məsələsini daha yaxşı anlamışdılar. Mahinur xanım bu həqiqətin qadın aləmində görünən misalıdır.
Mahmud bəy və həyat yoldaşı Mahinur xanım
Mahinur xanım uzun boylu, qaragözlü, ciddi türk xanımıdır. O, həyat yoldaşı doktor Mahmud bəylə Batum “Hilali-əhmər” (“Qızılay”) Cəmiyyətinin xəstəxanasında işləyir. Qızı Leyla albalı rəngli çadrası, sürməli gözləri, incə və narın siması ilə şərq gözəlliyinin cazib bir miniatürüdür. Mahinur xanımdan şəhərin əsgərlərimiz tərəfindən necə bombalandığını soruşduqda o, belə cavab verdi:
‒ Hamımız qorxduq. Axırda Osmanlıların şəhəri alacağını anlayanda artıq qorxumuz yox idi. Osmanlının top gülləsi həmişə üçbucağa düşürdü.
Sonra əli ilə onun ətrafında ağ əlbisələri, oynaq rəftarları, təbəssümlü baxışları ilə dayanmış, Osmanlı zabitlərini heyrətlə seyr edən sarışın və mavi gözlü rus qızlarını, eləcə də yaşıl ağacların, səliqəli dəfnələrin arasında gəzən kazak zabitlərini əli ilə göstərərək dedi:
‒ Bunların topu isə heş bir şey edə bilmirdi; vay bunların başına...”.
Batumun türk idarəçiləri ilə yerli ağqvardiyaçılar əməkdaşlıq edirdilər. Onların arasında kadet Prislibtiyan Maslov da var idi. P.Maslov Batumun komendantı olan türk zabitinə bu sözlərlə müraciət edərək həbsə atılmış ağqvardiyaçı zabitlərin azadlığa buraxılmasını xahiş etmişdi: “Tərəfinizdən Batum – hüquqən sizə məxsus olan və 40 il əvvəl zorla əlinizdən alınan köhnə şəhəriniz tutularkən biz ruslar sizə heç bir müqavimət göstərmədik. Əgər şəhərin müdafiəçiləri arasında ruslar da var idisə, onlar mövqelərə gürcülər tərəfindən məcburən aparılmışdılar. Biz Batumu sizə Brest müqaviləsi əsasında verdik və o gündən sizinlə səmimi müttəfiq və dostuq. Biz sizin gəlişinizə qəlbimizə yaxın müttəfiqlər kimi sevinirik və siz tamamən boş yerə qəlbən sizə sadiq rus zabitlərini həbs edirsiniz” [«Борьба» qəz., 1919, № 30 (286)]. Gürcü tarixçisi D.Cumburidzenin fikrincə, P.Maslov türkləri rusların onlara qarşı xoş niyyətli, gürcülərin isə antitürk yönümlü olduğuna inandıra bilmişdi. Əvvəlki hakimiyyət təmsilçilərinin bir hissəsi, o cümlədən şəhər dumasının qlasnılarının (deputatlarının) bir çoxu məhz buna görə Acarıstanı tərk etmişdi. Əvəzində şəhər duması, başlıca olaraq, Rus Milli Şurasının üzvləri olan rus deputatlarla doldurulmuşdu.
Batumda Osmanlı hakimiyyətinə qarşı siyasi və silahlı mübarizə çağırışlarına görə İslam Gürcüstanı Xeyriyyə Cəmiyyətinin sədri Məmməd bəy Abaşidze (Sancaqbəyzadə) və onunla birlikdə bir neçə Gürcüstan meyilli acar hüquq-mühafizə orqanlarının nəzarəti altına alınaraq Trabzon həbsxanasına göndərilmiş, cəmiyyətin rəhbər heyətinin digər üzvləri Batumdan deportasiya edilmişdilər. Bu sonuncular Tiflisdə İslam Gürcüstanı Azadlıq Komitəsini (İslam Gürcüstanının Təxlisi Cəmiyyəti) təsis etmişdilər. Komitəyə Gürcüstan Demokratik Respublikasının (GDR)hökuməti tərəfindən 25 oktyabr 1918-ci il - 28 avqust 1919-cu il tarixləri arasında ümumilikdə 1 milyon 975 min manat yardım göstərilmişdi. Komitənin mətbu orqanı “Samuslimano Sakartvelo//İslam Gürcüstanı” („სამუსლიმანო საქართველო“//”اسلام كورجستانی“) qəzeti də GDR-in maliyyə dəstəyi ilə nəşr olunurdu. 11 yanvar 1919-cu ildən gürcü və türk (osmanlı) dillərində işıq üzü görən bu qəzet səhifələrində antiosmanlı yönümlü məqalələrə geniş yer ayırırdı.
8 may 1918-ci ildə Acarıstanda Osmanlı yönümlü “Sədayi-millət” təşkilatı fəaliyyətə başlamışdı. Təşkilatın Batum vilayətinin demək olar ki, bütün bölgələrində və iri yaşayış məntəqələrində filialları və şöbələri yaradılmışdı. Təşkilatın xətti ilə həftədə 3 dəfə eyniadlı “Sədayi-millət” qəzeti çap olunurdu.
4 iyun 1918-ci il Batum müqaviləsinə görə, Osmanlı-Gürcüstan sərhədi Çolox çayı, Abastuman və Azqurun cənubundan keçmiş və beləliklə, Əlviyeyi-səlasədən başqa Axısqa və Axalkələk qəzaları da (Azqur və Abastuman məntəqələri istisna olmaqla) rəsmən Osmanlı hakimiyyəti altına verilmişdi. Bundan sonra Batuma Osmanlı hərbi naziri Ənvər Paşa səfər etmişdi. Ənvər Paşanın böyük bayramla qarşılandığını vurğulayan Tiflis mətbuatı Azərbaycan və Şimali Qafqaz nümayəndələrinin Ənvər Paşanın şərəfinə Batum bələdiyyəsinin ictimai zalında təşkil olunan ziyafətdə iştirak etdiklərini və səhəri gün hərbi nazir tərəfindən qəbul olunduqlarını yazırdı [“Saxalxo sakme” qəzeti, 1918, 15 iyun, № 257].
Batum konfransından sonra Acarıstanın gələcək taleyi ilə bağlı referendumun - plebisitin təşkili üçün aşağıdakı tərkibdə komissiya yaradılmışdı: E.A.Poray-Кoşits (sədr), Mahmud bəy Əfəndiyev, K.A.Krasnitski, M.Volfenzon, İoseb Nakaşidze, Süleyman bəy Sancaqbəyzadə (S.Abaşidze), İ.İ.Kalfoğlu, Qriqol Gigineişvili, Gübner və M.L.Bünyadoğlu. Sadalanan şəxslərdən yalnız M.Əfəndiyev milliyətcə türk idi. O, Osmanlılar tərəfindən Batumun baş karantin həkimi vəzifəsinə təyin edilmişdi.
Mahmud bəyin diplomunun notarial təsdiqinin surəti
Komissiyanın 11 iyul 1918-ci ildə keçirilmiş toplantısında plebisitin açıq və ya gizli səsvermə yolu ilə keçirilməsi məsələsi müzakirə olunur. Toplantıda mövzuya münasibət bildirən komissiyanın üzvləri sırasında Mahmud bəy Əfəndiyev də olur. O, özçıxışında deyir: “Batum heç bir istisna təşkil etmir ki, hər yerdə açıq səsvermə keçirildiyi halda, onun sakinlərinə gizli səsvermə hüququ verək. Komissiyanın, bəzilərinin düşündüyü kimi, elə də böyük hüququ yoxdur. Bu, yalnız qubernator (mütəsərrif) yanında mövcud olan məşvərət orqanıdır. Səsvermə prosesində hər şey daha sadədir və heç bir məcburiyyət yoxdur. Gizli səsvermənin keçirilməsi isə qubernatorun tələblərinə ziddir” [“Ertoba” qəzeti, 1918, 16 iyul, № 154].
Əlviyeyi-səlasəninəksər yaşayış məntəqələrində 1918-ci ilin iyun ayında, Acarıstanda isə 14 iyulda keçirilmiş plebisitdə səs verənlərin böyük əksəriyyəti Osmanlı idarəçiliyində yaşamağa üstünlük vermişdilər. 15 avqust 1918-ci ildə Əlviyeyi-səlasənin Osmanlı dövlətinə ilhaqı ilə əlaqəli xətti-humayun (sultanın fərmanı) yayınlanmışdı.
30 oktyabr 1918-ci il tarixli Mudros barışığı nəticəsində Osmanlı yenidən Brest-Litovsk müqaviləsinə qədərki sərhədlərinə çəkilmək məcburiyyətində qalmış, onların yerini ingilislər tutmuşdu.
Osmanlının tərk etməli olduğu Cənub-Qərbi Qafqaz bölgələrində – Batum, Qars, Ərdahan və Axısqa (Axalsıx) vilayətlərində əhalinin böyük əksərini müsəlmanlar təşkil edirdi. Türk hakimiyyətinə son verilməsi ilə yarana biləcək hakimiyyət boşluğu və xaosun qarşısının alınması, eləcə də mövcud tarixi təcrübədən qaynaqlanaraq türk-müsəlman əhaliyə qarşı qətliam və etnik təmizləmələrin önlənilməsi məqsədilə həmin bölgələrdə müvəqqəti yerli xalq hökumətləri, milli şuralar qurulmuşdu. 17 yanvar 1919-cu ildə sözügedən xalq hökumətlərinin təmsilçilərinin qatıldığı Böyük Qars Konqresi çağırılmışdı. Qars, Ərdəhan, Batum, Naxçıvan, Axısqa və Axalkələk bölgələrindən 131 nümayəndənin iştirak etdiyi konqresdə Cənub-Qərbi Qafqaz müvəqqəti milli hökuməti qurulmuş, 25 mart 1919-cu ildə isə həmin bölgələri əhatə edən təqribən 40 min km2 ərazidə Cənub-Qərbi Qafqaz Respublikası elan olunmuşdu.
(ardı var)