AZ

Mütəxəssis: Nitq inkişafının həssas dövrü bir yaşyarımdan 3 yaşa kimi nəzərdə tutulur

Bakı, 28 yanvar, AZƏRTAC

“Nitq inkişafının həssas dövrü bir yaşyarımdan 3 yaşa kimi nəzərdə tutulur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri loqoped Aygün Ələkbərova deyib.

Onun sözlərinə görə, bir ailədə böyüyən uşaqlar belə eyni olmurlar və hər uşaq individualdır: “1,5-3 yaş arası olan uşaqlarda şifahi nitqin qavranılması və lüğət ehtiyatının artırılma dövrü hesab edilir. Bu yaşda uşaqlar xarici dilləri öyrənməyə çox həssasdırlar. 3-4 yaş arasında isə rəqəmlərin və hərflərin simvolik təyinatı ilə tanış olmaq və yazıya hazırlaşmaq üçün ən əlverişli dövrdür. Bu zaman şüurlu nitq və öz fikirlərini anlamaq, ifadə etmək inkişaf edir”.

A.Ələkbərova bildirib ki, sağlam mərkəzi sinir sistemi nitq aparatının inkişafı və formalaşmasında mühüm rol oynayır: “Bundan başqa, uşaq üçün ailə üzvləri arasında sevgi, qayğı mühitinin yaradılması vacib amillərdən biridir. Ancaq nitq inkişafının kritik dövrləri də mövcuddur. Bu dövrlərdə valideynlər diqqətli olmalıdır. 1-2 yaş arasında broka mərkəzinin (nitq hərəkət analizatorları) nitq qabığının hissələrinin intensiv inkişaf dövrü olduğundan, müəyyən amillərdən nitq inkişafının ləngiməsi (ÜNİL), nitq inkişafının geriliyi (ÜNİG) müşahidə oluna bilər”.

Loqoped qeyd edib ki, 3 yaşlı uşaqlarda mərkəzi sinir sistemi ilə neyroendokrin və damar tənzimlənilməsinin uyğunsuzluğu nəticəsində kəkələmə, afaziya (formalaşmış nitqin itməsi) və nitqin inkişafdan qalması müşahidə edilmə ehtimalı var: “6-7 yaş arası uşaqlarda isə mərkəzi sinir sisteminin yaşla əlaqəli yüklənmələri nəticəsində kəkələmə müşahidə oluna bilər”.

Seçilən
1
42
azertag.az

10Mənbələr