AZ

Ermənilər "xəndək" qazır: qazdıqları quyuya özləri düşəcək - Bu, Ermənistana fayda gətirməz

Ermənistan Silahlı Qüvvələri yeni təxribatlara hazırlıq görür.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı yayılan görüntülər və məlumatlar Ermənistan tərəfinin vəziyyəti daha da kəskinləşdirmək niyyətində olduğunu bir daha təsdiq edir. Xüsusilə, Kəlbəcər istiqamətində xəndəklərin qazılması ilə bağlı yayılan videolar qarşı tərəfin təcavüzkar məqsədlərini və yeni təxribatlar törətməyə hazırlaşdığını açıq şəkildə nümayiş etdirir. Bu cür hərəkətlər bölgədəki sabitlik və sülh səylərinə ciddi zərbə vurur.

Eyni zamanda, xəndək qazıntıları hərbi müdafiə məqsədlərinə xidmət edir və Ermənistanın beynəlxalq hüququ, xüsusilə də 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatı kobud şəkildə pozduğunu göstərir. Bu addımlar yalnız iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirmək deyil, həm də genişmiqyaslı münaqişə riskini artırmaq məqsədi güdür.

Bu addımın atılması yeni müharibənin xəbərçisidir, yoxsa istehkam planlarının icrası?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanın həyata keçirdiyi bu addımlar müharibə hazırlıqlarına işarə kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, yayılan məlumatlar daha çox süni şəkildə gərginlik və ictimaiyyət arasında çaşqınlıq yaratmağa yönəlib:

"Ermənistan ordusunun xəndək qazması prosesi heç bir halda müharibənin yaxınlaşdığı anlamına gəlmir. Bu cür fəaliyyətlər, əslində, məqsədli şəkildə süni ajiotaj yaratmağa xidmət edir. Hərbi əməliyyatların başlaması ilə bağlı yayılan məlumatlar, ehtimal ki, Ermənistanda bəzi siyasi və ya ictimai dairələr üçün faydalıdır. Bu yolla onlar daxili auditoriyanı yönləndirmək və ya beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq istəyirlər."

Ekspert onu da vurğulayıb ki, belə yalan məlumatlar vasitəsilə Ermənistan tərəfi bölgədə gərginliyi artırmağa çalışır və sülhə doğru addımları çətinləşdirir. Bu səbəbdən belə xəbərlərə qarşı daha diqqətli yanaşmaq və təxribat xarakterli informasiyalara aldanmamaq lazımdır:

"Müharibə yalnız Ermənistanda müəyyən revanşist qüvvələrin xəyalıdır. Lakin rəsmi İrəvanın nə ordusu, nə iqtisadiyyatı bu cür bir gərginliyi, müharibəni qaldırmağa qadir deyil. Hər şeydən əvvəl, bu, Ermənistana heç bir fayda gətirməz. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanın Silahlı Qüvvələri güc baxımından tamamilə yüksək səviyyəyə çatıb və erməni tərəfi bu gücün qarşısında heç bir şey edə bilməzdi. Bu səbəbdən hər hansı bir müharibə cəhdinin baş verməsi, Ermənistanın özünün də məğlubiyyəti ilə nəticələnəcəkdir. Bu fikirlər Ermənistanın hərbi hazırlıqları ilə bağlı yayılan xəbərlərin və təxribatların yalnız daxili siyasi məqsədlərə xidmət etdiyini və heç bir ciddi hərbi əməliyyat niyyəti daşımadığını bir daha vurğulayır".

Üzeyir Cəfərov: Ermənistan tərəfi müharibə istəmir

Ü.Cəfərovun sözlərinə görə, Ermənistanın belə fikirləri yayması yalnız daxili və beynəlxalq ictimaiyyəti çaşdırmaq və sülh prosesini əngəlləmək məqsədi güdür. Bu səbəbdən, hər iki tərəf arasında gərginlik yaradan hər hansı məlumatın diqqətlə qiymətləndirilməsi vacibdir:

"Yerablur Hərbi Panteonunda Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan sərhəd rayonlarında Azərbaycan hərbi birləşmələrinin təhklükəli davranışları müşahidə edilmədiyini, nisbi sabitliyin qorunduğunu bildirib. O cümlədən, qeyd edib ki, Ermənistan ordusu həm sərhəddəki vəziyyəti, həm də bəyanatları diqqətlə izləyir, qarşılarına qoyulan vəzifəni yerinə yetirir, sülh, demarkasiya yolu ilə gedir, siyasi rəhbərliklə silahlı qüvvələri inkişaf etdiməyə davam edir. Bu da o deməkdir ki, onlar müharibə istəmir. Ermənistanın hərbi rəhbərliyinin və siyasi rəhbərliyinin bu istiqamətdə verdiyi bəyanatlar müharibənin nəinki region üçün, həm də öz ölkələri üçün heç bir fayda gətirməyəcəyini dərk etdiklərini göstərir".

Son olaraq həmsöhbətimiz Qazaxın qeyri-anklav 3 kəndinin Azərbaycana qaytarılacağı ilə bağlı  da fikir irəli sürüb. Ü.Cəfərov hüsab edir ki, yaxın zamanda Qazaxın 3 və Naxçıvanın 1 qeyri-anklav kəndinin qaytarılması ilə bağlı proseslər başlayacaq:

“Qazaxın kəndləri Azərbaycanın dövlət sərhədinə yaxın ərazilərdə yerləşir və bu kəndlər tarixən Azərbaycan torpaqları olub. Ermənistanın işğalından sonra bu kəndlər və ətraf bölgələr uzun illər ərzində Ermənistanın nəzarətində qalıb.. Lakin son illərdə regionda baş verən dəyişikliklər və beynəlxalq səviyyədə artan təzyiqlər, bu ərazilərin bərpası ilə bağlı yeni perspektivləri gündəmə gətirib. Əlavə olaraq, bu prosesin başlanması, bölgədəki sabitlik və sülh üçün müsbət təsir göstərəcək. Sərhəd bölgələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, yerli əhalinin geri qayıtması və infrastrukturların yenidən qurulması, həm də Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər".

Əli Hüseynov

Seçilən
19
50
bakivaxti.az

10Mənbələr