“ATM XƏTAİ” MMC-yə məxsus “Azər-Türk Med” klinikasında baş verən faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mərkəzdən məlumat verilib.
O qeyd edib ki, çəkilişdə iştirak edən tibb personalından, eləcə də müəssisənin rəhbərindən müvafiq izahatlar alınıb.
"Aidiyyəti üzrə çəkilişdə iştirak edən tibbi personaldan üç nəfərə klinikanın rəhbərliyi tərəfindən töhmət verilib, rəhbərliyin özünə isə ciddi xəbərdarlıq olunub.
Həmçinin, AEM tərəfindən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli, “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” 137 nömrəli əmr barədə məlumatlandırılıb. Həmin əmrin VI bəndində qeyd edilir ki, Tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətlərdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir.
Müəssisəyə baxış zamanı bir sıra digər nöqsanlar da aşkarlanaraq, aktlaşdırılıb".