AZ

"Doktorantura oxumaq istəməyənlər magistraturada elmi iş yazmamalıdır"

Azərbaycanda magistrantlar bakalavrlardakı qaydalara uyğun olaraq seminarlara, kollekviumlara və sessiya imtahanlarına hazırlaşırlar. Bu isə nəticə etibarilə işdən və dərs oxumaqdan dissertasiya yazmağa kifayət qədər vaxt ayırmağa mane olur.

 

Bəs bu problemi necə həll etmək olar?

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov AzEdu.az-a mövzu ilə bağlı fikirlərini bölüşüb.

154010

O bildirib ki, Azərbaycanda magistratura təhsilinin bütövlükdə yenilənməsinə ciddi ehtiyac var:

 

“Magistraturada beynəlxalq təcrübənin tətbiqi çox faydalı olar. Artıq uzun illərdir ki, Azərbaycanda magistratura təhsili həyata keçirilir. Bizdə standart qayda olaraq, magistrantlar dissertasiya yazaraq təhvil verirlər. Bu zaman haqlı iradlar və suallar ortaya çıxır.

 

Beynəlxalq təcrübədə isə magistratura təhsili iki formada həyata keçirilir. Əgər kimsə gələcəkdə elmi işini davam etdirmək istəyirsə və doktorantura təhsili almağı planlaşdırırsa, yalnız onlar dissertasiya yazaraq müdafiə edirlər. Bu təhsil müddəti iki ildir. Ancaq öz ixtisası üzrə biliklərini dərinləşdirmək istəyənlər üçün magistratura pilləsinin müddəti 1-1,5 ili əhatə edir. Bu halda magistrant heç bir dissertasiya yazmır, sadəcə müvafiq proqramı bitirib, imtahan verir. Həmin şəxslər sonrakı mərhələdə doktorantura təhsili ala bilməzlər.

 

Amma bizdə vahid bir standart var: “Hamı dissertasiya işi yazmalıdır”. Düzünü desək, çoxları dissertasiya işlərini özləri də yazmırlar. Bu, sadəcə formal xarakter daşıyır. Buna görə də düşünürəm ki, magistratura pilləsində ciddi yeniliklər etmək lazımdır. İlk növbədə məzmununu dəyişməliyik”.

 

İlqar Orucov magistraturanın məzmununun bakalavr proqramına bənzədiyini vurğulayıb:

 

“Magistratura proqramında ixtisaslaşma üzrə dərin biliklərin əldə olunması nəzərdə tutulur. Lakin illər ərzində bizim magistratura təhsilinin səviyyəsi nə yerdədir? Ayrı-ayrı universitetlərdə yeniliklər tətbiq olunur, amma əksəriyyəti köhnə qaydalarla davam edir. Bir çox hallarda magistraturada dərs keçən müəllimlərin özləri də bakalavr səviyyəsində dərs deyən müəllimlərdir və verdikləri biliklər heç bakalavr səviyyəsindən fərqlənmir. Bu baxımdan magistratura pilləsində ciddi dəyişikliklərə ehtiyac var”.

Seçilən
24
14
azedu.az

10Mənbələr