2025-ci ildə Qazaxıstan şist neft hasilatına başlayacaq.
Sfera.az xəbər verir ki, bu haqda açıqlamanı Qazaxıstanın Baş naziri Oljas Bektenov hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, şist neft hasilatına başlanılması neft-qaz sənayesinə investisiyaların cəlb edilməsi üçün əlavə stimullar yaradacaq. Baş nazir qeyd edib ki, “KazMunayQaz” milli neft-qaz şirkəti Qızılorda, Atırau və Aktobe vilayətlərində dörd layihə üzrə qazma işlərinə başlayıb:
“Ümumilikdə bu layihələrin geoloji ehtiyatları 800 milyon tondan çox neft ekvivalentinə bərabərdir. Təxminən 19 milyard kubmetr ehtiyata malik “Zapadnaya Prorva” və “Barxannaya” yataqlarında qaz hasilatına da başlanılır”.
Qazaxıstanın şist neft hasilatına başlaması, dünyanın enerji bazarlarına yeni təklif gətirə bilər. Bu addım, xüsusən ABŞ və Səudiyyə Ərəbistanının dominant olduğu bazarda rəqabəti artıraraq qiymətlərin dalğalanmasına səbəb ola bilər.
Qeyd edək ki, Qazaxıstan böyük həcmdə neft hasil edən və ixrac edən ölkələrdən biridir. Son məlumata görə, Qazaxıstan gündə 1,3 milyon barel neft ixrac edir ki, bu da Azərbaycanın neft ixracından 3 dəfə çoxdur.
Vasif