AZ

Şəki Regional Elmi Mərkəzi ötən ili 23 mühüm nəticə ilə başa vurub

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

TƏHSİL.BİZ  xəbər verir ki, hesabatı Mərkəzin baş direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü təqdim edib. Bildirilib ki, hesabat ilində Şəki REM-də 6 yeni prioritet istiqamətdə, 8 mövzu üzrə 17 elmi-tədqiqat işi yerinə yetirilib, 23 mühüm nəticə əldə olunub, 1 patent alınıb. Mərkəz əməkdaşlarının 19-u xaricdə olmaqla 34 məqaləsi, 3-ü xaricdə olmaqla 34 tezisi çap olunub. İşıq üzü görmüş məqalələrin 4-ü “Web of Science” və “Scopus” bazalarında dərc edilib. Şəki REM-də 9 kitab çap olunub ki, onun da 2-si monoqrafiyadır.

Alim qeyd edib ki, hesabat ilində Qarabağın Ağdam və Füzuli rayonlarının ərazilərində “Google Earth” proqramı və topoqrafik xəritələrdən istifadə olunmaqla monitorinqlər aparılıb, onların iqlim şəraiti, relyefi və həm də nisbi hündürlüklərinə görə biri-birindən fərqlənən 12 landşaft növü müəyyənləşdirilib. Həmçinin Şəki rayonunun Baş Şabalıd kəndində aparılan arxeoloji qazıntılar nəticəsində qəbirlərdən tapılan aypara əşyalar və küplərdə dəfn edilən mərhuma verilən qurbanın insan olması və yanında basdırılan əşyaların aypara formasında düzülüşü bu ərazidə Antik dövrdə yaşayan alban tayfalarının inancında ay kultunun mühüm yer tutduğunu sübut edib. Həmçinin Oğuz rayonunda XIX əsr və XX əsrin əvvəllərində ərəb dilində tədrislə məşğul olan məscid və mədrəsələrdə istifadə olunan dərsliklərin əsas hissəsini Osmanlı imperiyasına məxsus mətbəələrdə nəşr olunmuş kitablar və eləcə də kiçik həcmli əlyazmalar təşkil edir. Bundan əlavə, tut ipəkqurdunun kolleksiyada olan 4 cins və 7 hibrid üzərində tədqiqatlar aparılıb. Özbəkistandan gətirilmiş 8 cins üzərində yerinə yetirilən tədqiqatlar göstərib ki, tutipəkqurdunun yaşam qabiliyyəti, yaş baramanın ipəkliliyi, çəkisi ASAKA cinsində 2023-cü ilə nisbətən 2024-cü ildə 0.4-0.6 faiz yüksək olub.

Yusif Şükürlü, həmçinin Şəki rayonunun yüksək dağlıq kəndlərinə ekspedisiyaların təşkil olunduğunu və xalq seleksiyasına aid tumlu, çəyirdəkli və qərzəkli meyvə nümunələrinin götürülərək calaq materialı kimi Şəki REM-in təcrübə sahəsində calaqaltıya peyvənd edildiyini və hər bir nümunənin biomorfoloji göstəricilərinin təyin olunaraq kartoteka hazırlandığını vurğulayıb.

Eyni zamanda Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatlar diqqətə çatdırılıb.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

 

 

Seçilən
17
8
tehsil.biz

10Mənbələr